...

Ziyalılıq və azərbaycançılıq o deməkdir ki, hansı şəraitdə olursaq olaq, özümüzə və mənəviyyatımıza sadiq qalmalıyıq

Cəmiyyət Materials 19 Mart 2012 14:08 (UTC +04:00)
Söz azadlığı, mətbuat azadlığı, fikir müxtəlifliyi və müxalifliyi, tənqid etmək demokratik cəmiyyətin ən xarakterik cəhədlərindən biridir.
Ziyalılıq və azərbaycançılıq o deməkdir ki, hansı şəraitdə olursaq olaq, özümüzə və mənəviyyatımıza sadiq qalmalıyıq

Azərbaycan, Bakı, 19 mart / Trend/

Hikmət Babaoğlu, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru

Söz azadlığı, mətbuat azadlığı, fikir müxtəlifliyi və müxalifliyi, tənqid etmək demokratik cəmiyyətin ən xarakterik cəhətlərindən biridir. Siyasi cəhətdən normal şəkildə institutlaşmış sosiumda dediyimiz məsələlər əsas etibarilə pozitiv xarakterli olmaqla siyasi sistemin funksionallığına xidmət edir və onun inkişafını şərtləndirir. Azərbaycan siyasi reallığında isə ümumiyyətlə, azadlıq adlı yüksək dəyərlər müxalif qruplar tərəfindən bir qədər fərqli, başqa sözlə sərhədsiz, çərçivəsiz, sərbəstlik kimi başa düşülür. Bu isə, siyasi təfəkkür və davranışlarda qısır manipuliyasiyalara yol açır. Elə cəmiyyətin inkişafına səbəb olan tənqid və özünütənqid hüququ da bir qrup müxalifət tərəfindən istismar olunur. Bu azmış kimi həm də tənqidi bəzi marginal qruplar öz inhisarlarına almağa cəhd edirlər.

Müstəqil mətbuatın, yaxud rəsmi mətbuat orqanlarının yazdığı tənqid dərhal müxalifət mətbuatında manipuliyasiya vasitəsinə çevrilir. Beləliklə, bizim tənqid etmək hüququmuz ən yumşaq şəkildə ifadə etsək məhdudlaşdırılır.

Elə bu günlərdə "Yeni Azərbaycan" qəzetinin redaksiyasında, müxalifət mətbuatı tərəfindən ictimai xadim, məşhur jurnalist kimi xarakterizə olunan "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın fəaliyyətinə qısa nəzər salmaqla ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə hazırlanan tənqidi yazımız da qeyri-adekvat münasibətlə üzləşdi. Görünür, ölkəmizdə sabitliyin və inkişafın mövcudluğundan narahat olan bəzi üçüncü qüvvələr bunu fürsət bilib bir gün sonra X.İsmayılovanın şəxsi həyatını əks etdirən məlum videoçarxı internet şəbəkəsində nümayiş etdirirlər. Hadisələrin bu cür inkişafı əsla iqtidarın, hakim partiyanın və "Yeni Azərbaycan" qəzetinin marağında ola bilməzdi. Çünki bu məsələ ölkəmizdə məhz iqtidar tərəfindən formalaşdırılan demokratik mətbuat ənənələrinə ziddir. Yaxşı olar ki, elə müxalifət də baş vermiş hadisəni soyuqqanlı və sağlam məntiqlə təhlil edərək doğru qənaətə gəlsin. Bu işdə kimin (kimlərin) maraqlı ola biləcəyi ehtimalını götür-qoy etsin. Məsələn, İranda mövcud olan bəzi antiazərbaycançı mərkəzlər son dövrlərdə vaxtaşırı Azərbaycana qarşı müxtəlif çıxışlar edir və ölkəmizdə də çoxsaylı qrupların tapılaraq ifşa olunması ona dəlalət edir ki, verilən bəyanatların arxasında həm də real əməl durur. Eyni zamanda, Azərbaycanla ənənəvi xoş münasibətləri olan ölkələrlə Azərbaycanın münasibətləri gərginləşdirilməyə çalışılır. Belə olan halda düşünmək olar ki, bəlkə elə bu addım da həmin məqsədlərə hesablanıb.

Məsələnin başqa tərəfinə gəldikdə isə "Yeni Azərbaycan"ın ölkəmizdə bərqərar olmuş söz və mətbuat azadlığından istifadə edərək real faktlara söykənərək yazdığı bir tənqid bu qədər müzakirə mövzusu olursa onda biz neçə illərdir başda "Azadlıq" qəzeti olmaqla müxalifət mətbuatının ölkəmizin ən nüfuzlu ictimai-siyasi xadimləri, dövlət məmurları ziyalıları, incəsənət xadimləri və s. haqqında yazdıqları heç bir əsası olmayan, əksər hallarda tənqid deyil, təhqir şəklində yazılan bəzi hallarda hətta qeuri-əxlaqi və qeyri-mətbu ifadələrlə təsvir olunan yazılar haqqında görəsən niyə belə müzakirələr açılmır. Əgər müxalifət mətbuatının yazdığı bütün bunların məhkəmə-hüquq müstəvisində aydınlaşdırılması zəruri hesab edilərsə, o zaman nə baş verər. "Yeni Azərbaycan"ı tənqid edən RATİ-nin sədri qeyd edir ki, həmin yazı videoçarx meydana çıxdıqdan sonra "Yeni Azərbaycan"nın saytından yığışdırılıb. Görünür, xatırlatmalı olacağıq ki, sayt hər gün yeniləndiyi üçün əvvəlki materiallar arxivə köçürülür. Əgər Emin Hüseynli zəhmət çəkib arxivimizin 13 mart tarixinin üstündən vursa yazının orada olduğunu görəcək. "Yeni Azərbaycan" qəzeti nə yazdığını, nə üçün yazdığını və necə yazdığını bilən və yazdıqlarının da məsuliyyətini daşıyan bir qəzetdir. Heç bir zaman əsassız, arqumentsiz tənqid yazmayıb. Heç bir zaman heç kesi təhqir etməyib.

Əgər bu gün Azərbaycan cəmiyyətində siyasi şou vasitəsilə populyarlaşmağa və siyasi divident əldə etməyə çalışan, cəmiyyətə zərərçəkən kimi görqünməklə xalqımızın humanist duyğularını istismar edərək qəhrəman olmaq istəyən xədicə ismayılovalar varsa, deməli hadisələrin bu cür inkişafında da bəlkə elə onların özləri və ətraflarındakılar maraqlıdır. Videoçarxın çəkilməsini və yayılmasını pisləməklə bir məsələni vurğulamağı da vətəndaşlıq borcu hesab edərək bildiririk ki, bəzi həmkarlarımız tərəfindən X.İsmayılovadan zərərçəkən obrazı yaratmaqla bir növ videoçarxda olan görüntülərə bəraət qazandırmaq cəhdləri də məqbul hesab edilə bilməz. Ziyalılıq və azərbaycançılıq o deməkdir ki, hansı şəraitdə olursaq olaq özümüzə və mənəviyyatımıza sadiq qalmalıyıq.

Xəbər lenti

Xəbər lenti