...

Şəhərsalma və Tikinti Məcəlləsi layihəsi üzrə ictimai dinləmə keçirilib

Cəmiyyət Materials 13 Aprel 2012 11:28 (UTC +04:00)
Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması və qəbulu Azərbaycanda həyata keçirilən inzibati islahatların tərkib hissəsi kimi qəbul edilməlidir.
Şəhərsalma və Tikinti Məcəlləsi layihəsi üzrə ictimai dinləmə keçirilib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması və qəbulu Azərbaycanda həyata keçirilən inzibati islahatların tərkib hissəsi kimi qəbul edilməlidir. Trend-in məlumatına görə, bunu cümə günü Məcəllənin ictimai dinləməsi zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Qeyd edək ki, ictimai dinləmə Amerika Ticarət Palatası, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Alman Beynəlxalq Əməkdaşlığı Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.

Hüseynli hesab edir ki, Məcəllə ilkin variantda kifayət qədər mükəmməl hazırlanıb.

"Məcəllə ikinci oxunuşa çıxarılmadan əvvəl əhəmiyyətli təkliflərin zəngin olacağına inanıram. Məcəllənin daha mükəmməl və işlək olması üçün əhəmiyyətli təkliflərdən yararlanmağa hazırıq", - komitə sədri deyib.

Tədbirdə Amerika Ticarət Palatasının Məcəllənin təhlili ilə bağlı yaratdığı işçi qrupunun rəyi açıqlanıb. Rəydə qeyd olunub ki, şəhərsalma və tikinti sahələri arasında terminologiyada bəzi uyğunsuzluqlar var. Azərbaycanda bu iki sahə bir sənədlə tənzimlənir. Bu baxımdan da terminologiyada dəqiqləşmələr aparılmalıdır ki, Məcəllənin tətbiq olunma mərhələsində problemlər yaranmasın. Rəydə qeyd olunub ki, Məcəllədə tikinti fəaliyyətinin sertifikatlaşması ilə bağlı müddəalar layihədə yer alsa da, təcrübədə bu, yoxdur.

İşçi qrup hesab edir ki, tikinti fəaliyyətinin sertifikatlaşması ilə bağlı normativ hüquqi aktlar qəbul olunmalıdır. Rəydə daha sonra qeyd olunur ki, Məcəllənin məqsədi prosesi
sadələşdirmək və bu sahəyə vahid qayda gətirməkdir. Sadələşdirmə isə bir pəncərə sisteminin tətbiqi ilə mümkün olacaq.

Rəydə qeyd olunur ki, hazırki layihədə tikinti və şəhərsalma sahəsində bir pəncərə sisteminin tətbiqi aydın görünmür. Bu baxımdan da bir pəncərə sisteminin tətbiqi daha aydın olmalıdır.

Dinləmədə məcəllənin layihəsinin hazırkı vəziyyəti və ona ikinci oxunuşdan əvvəl edilməsi planlaşdırılan əlavə və dəyişikliklər müzakirə olunub. Tədbirdə layihə üzərində çalışan işçi qrupunun rəhbəri, Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin
müdir müavini Səyyad Kərimov çıxış edib.

Kərimov bildirib ki, layihədə ərazi planlaşdırılması, şəhərsalma sənədlərinin tərtib olunması, bu prosesin şəffaflığı, tikinti fəaliyyətinin şəhərsalma sənədlərinə uyğunluğunun təmin olunması, şəhərsalma və tikinti fəaliyyətində hərəkət imkanları məhdud olan, əlil insanların ümumi istifadə üçün nəzərdə tutulan obyektlərə çatım imkanlarının təmin olunması, tikinti obyektlərinin təhlükəsizliyinin təmin olunması, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və tikinti fəaliyyəti zamanı nəzərə alınması, tikinti obyektlərinin tikintisinə icazə proseduru və digər məsələlər tənzimlənib. Tikintiyə icazə icraatında ictimai maraqları təmsil edən qurumların dinlənilməsi, tikinti fəaliyyətinin maraqlarına toxuna biləcəyi ehtimal olunan şəxslərin icraata cəlb edilib dinlənilməsi də nəzərdə tutulur.

MM rəsmisi qeyd edib ki, layihədə tikinti obyektlərinin tikintisinə icazə prosedurunun "vahid pəncərə" prinsipi əsasında nizamlanması nəzərdə tutulur.

"Layihədə bu fəaliyyətin konkret hansı quruma həvalə olunacağı müəyyən edilməyib. Məcəllənin qəbulundan sonra bu fəaliyyət prezidentin sərəncamı ilə konkret quruma həvalə olunacaq", - o deyib.

Kərimov qeyd edib ki, tikintiyə icazə 3 parametr üzrə yoxlamalardan sonra veriləcək - təqdim olunan layihənin tikinti hüquq normalarına uyğun olması, maraqlı qurumların və şəxslərin dinlənilməsi və yekunda tikintiyə icazə ilə bağlı qərarın qəbulu.

Onun sözlərinə görə, fərdi yaşayış evləri ilə bağlı icazə icraatı deyil, məlumatlandırma icraatının tətbiqi nəzərdə tutulub.

"Hündürlüyü 3 mərtəbədən, 12 metrdən artıq olmayan fərdi yaşayış evlərinə icazə deyil, məlumatlandırma icraatı tətbiq olunacaq. Bunun mahiyyəti ondan ibarətdir ki, şəxs tikinti niyyəti ilə bağlı tikinti obyektinin layihəsini qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən layihəçi tərəfindən layihələndirilməsini təmin etməlidir. Ondan sonra həmin fərdi yaşayış evinin tikintisi barədə niyyəti haqqında müvafiq icra hakimiyyəti orqanına - tikintiyə icazə verən quruma məlumat verməli, layihəni təqdim etməlidir. Həmin qurum da bu layihə ilə bağlı 1 ay ərzində irad və təkliflərini bildirməzsə, şəxs heç bir icazə almadan tikintiyə başlaya bilər. Əgər tikintiyə icazə verən qurumun irad və təklifləri olarsa, şəxs onları mütləq nəzərə almalıdır. Bu irad və təkliflər də tikinti hüquq normalarına, şəhərsalmanın sənədlərinə əsaslanmalıdır", - Kərimov deyib.

Kərimov Amerika Ticarət Palatasının rəyində əks olunan iradlara da münasibət bildirib. O qeyd edib ki, terminologiyada bəzi terminlər digər hüquq sahələrində müəyyən edilib. Bu səbəbdən də həmin terminlərin məcəllədə təkrarlanmasına ehtiyac yoxdur. Tikinti fəaliyyətinin sertifikatlaşmasına gəlincə, Kərimov bildirib ki, sertifikatlaşmanın qaydaları sonradan Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

Millət vəkili Vahid Əhmədov çıxışında bildirib ki, tikinti və şəhərsalma haqqında qanunların ayrı-ayrılıqda qəbulunun tərəfdarıdır. Tikintidə ən ciddi problem qiymətqoyma problemidir. Bu problem açıq olaraq qalır. "Elə bir qurum, mütəxəssis yoxdur ki, bu işi görsün. İndi tikintilərin sökülməsi gedəndə qiymətqoyma siyasətinin olmaması problemlər yaradır. İstərdik ki, qiymətqoyma ilə bağlı məsələ məcəllədə konkret müddəalarla öz əksini tapsın. İnsanlar bilməlidir ki, torpağı alınarsa, evi sökülərsə, əmlakı hansı qiymətlərlə hesablanacaq. Azərbaycanda gedən tikinti bumu insanlar üçün ciddi problemlər yaradır. Bu problemlər məcəllədə həllini tapmalıdır. Tikinti sahəsində yeni normativ sənədlər hazırlanmalı və qəbul olunmalıdır. Bu normativ baza olmasa, Məcəllənin işləməsi mümkün olmayacaq", - o qeyd edib.

Tikintiyə nəzarət və onun istismara qəbuluna gəlincə isə, Əhmədov deyib ki, indi bu funksiyanı FHN həyat keçirəcək. Özü tikintiyə icazə verəcək, tikintiyə nəzarət edəcək və tikintini də özü qəbul edəcək.

Müzakirələrdə layihənin üstünlükləri və çatışmazlıqları qeyd olunub.

Xəbər lenti

Xəbər lenti