Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakıda toy karvanını müşayiət edən 3 avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün cərimə meydançasına aparılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yol polisi əməkdaşılarının dünən günün ikinci yarısında paytaxt küçələrində keçirdiyi reydlər zamanı iki toy karvanında 7 sürücüyə qarşı inzibati protokol tərtib edilib.
Əsədov bildirib ki, Nobel prospektindən Əhmədli qəsəbəsi və Tibilisi prospektindən 20 Yanvar dairəsi istiqamətinə hərəkət edən toy karvanlarında olan 3 avtomobil yol hərəkətindən kənarlaşdırılıb və müvəqqəti duracağa aparılıb.
Buna səbəb həmin avtomobillərdə dövlət nömrə nişanlarının çıxarılaraq yerinə "Xoşbəxt olun" və bəyin adı yazılan lövhələr yerləşdirilməsi olub.
Əsədov bildirib ki, avtomobil sahiblərinin bu hərəkəti inzibati məsuliyyət yaradır.
Qeyd edək ki, avtomobil sahiblərinin bu hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsi ilə məsuliyyət yaradır, bu pozuntuya görə 40 manatdan 60 manatadək cərimə edilməklə hərəkətləri 4 balla qiymətləndirilir və sürücülər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılırlar.
Bölmə rəisi deyib ki, toy karvanlarında iştirak edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozuntusu ilə mübarizə məqsədilə reydlər davam etdirilir.
Qeyd edək ki, bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülər tərəfindən şadlıq sarayları istiqamətinə gedən yollarda yolun bütöv hərəkət zolağının tutulması, lüzumsuz olaraq səs siqnallarından istifadə edilməsi halları artıb. Bu hallarla mübarizə məqsədilə paytaxtın yol polisi reydlər keçirir.