...

Azərbaycan və Serbiya arasında dini-mənəvi əlaqələr müzakirə olunub

Cəmiyyət Materials 5 May 2012 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Belqrada səfəri çərçivəsində Serbiyanın din və diaspor nazirinin I müavini Draqan Çuroviç və nazirliyin müşaviri professor Şiyakoviç ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, görüşdə Serbiya rəsmisi QMİ sədrinə ölkəsində mövcud dini durum barədə məlumat verib. Nazir müavini Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş "Bayraklı came" məscidinin və "Müqəddəs Petka" kilsəsinin açılışlarının Azərbaycan və Serbiya arasında dini-mənəvi əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacağından söhbət açıb.

Paşazadə, öz növbəsində, Azərbaycanda dövlətin dinə, dini dəyərlərə və dini icmalara ehtiram və qayğısı barədə məlumat verib, serbiyalı nazirə ölkəmizdə hökm sürən, tarixən formalaşmış və dövlət tərəfindən dəstəklənən tolerantlıq münasibətlərindən bəhs edib. Azərbaycanda mövcud dini icmalar arasında dostluq və qardaşlıq münasibətlərinin ümumən Azərbaycan cəmiyyətinin inkişafına təkan verdiyini, dövlətimizin tərəqqisində mühüm rol oynadığını bildirən Şeyxülilam Bakıda keçirilən din xadimlərinin ümumdünya sammiti, habelə mədəniyyətlərarası dialoqa dair Bakı forumu barədə serbiyalı nazir müavininə məlumat verib.

Çuroviç Azərbaycanın tolerantlıq modelinin həqiqətən fəxr ediləsi bir nümunə olduğunu vurğulayıb, Serbiya və Azərbaycan dindarları arasında mənəvi əlaqələrin inkişafı üçün bundan sonra da əllərindən gələni edəcəklərini diqqətinə çatdırıb.

Görüşdə Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksandr İşeyin və QMİ sədrinin I müavini Salman Musayev iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti