Azərbaycan, Bakı, 7 may /Trend/
Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2012-ci tədris ilinin ikinci toplanışının buraxılışına və ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin and içmələrinə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov iştirak edib.
Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, məktəbin rəisi, polis polkovniki Əli İbrahimov bu münasibətlə sıra meydanına düzülmüş şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə nazir müavininə raport verdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səslənib.
Polis polkovniki İbrahimov dinləyicilərin peşə, mənəvi və fiziki hazırlığının artırılması məqsədilə adıçəkilən məktəbdə həyata keçirilmiş məqsədyönlü tədbirlər və bu sahədə əldə olunmuş uğurlu nəticələr barədə çıxış edib.
Tədbirdə çıxış edən nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov təntənəli mərasimin 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 67-ci və ümummilli lider, müsair Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsinə təsadüf etdiyini xatırladaraq DİN rəhbərliyi və şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından əlamətdar hadisələr münasibətilə şəxsi heyəti təbrik edib, onlara seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulayıb, xidmətləri boyunca ulu öndərin ideallarına, ölkə prezidentinin siyasətinə, Vətənə və xalqa sədaqətli olmalarını tövsiyə edib.
Qeyd olunub ki, istər ümummilli liderimiz, istərsə də möhtərəm dövlət başçımız cəmiyyət həyatının bütün sahələrinin uğurlu inkişafının ən vacib amillərindən biri kimi respublikamızda ictimai asayişin və təhlükəsizliyin etibarlı şəkildə qorunmasını, sabitliyin dönməzliyinin təmin edilməsini dəfələrlə öz nitqlərində vurğulayıb, cinayətkarlıqla mübarizədə daxili işlər orqanlarının fədakar xidmətinin hər zaman yüksək qiymətləndiriblər. Məhz həm də belə diqqətəlayiq fəaliyyətin nəticəsidir ki, Azərbaycan nəinki MDB, həmçinin Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına və açılmasına görə ilk yerlərdən birini tutur.
Nazir müavini təntənəli şəkildə and içərək polis əməkdaşı kimi fəaliyyətə başlayan dinləyicilərin üzərinə sabitliyin, əmin-amanlığın nümunəvi qorunması, cinayətkarlıqla mübarizə sahələrində məsul vəzifələrin düşdüyünü deyib. Polis general-leytenantı Ələkbərov müdavimlərin məktəbdə qazandıqları bilik və vərdişləri təcrübədə uğurla tətbiq edəcəklərinə, daxili işlər orqanlarının ən yaxşı ənənələrinin davamlı olacağına əminliyini bildirib, gənc əməkdaşlara Vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməyi, çətinliklərə mərdliklə sinə gərmələrini, öz üzərlərində işləmələrini, peşəkarlıqlarını daim artırmalarını tövsiyə edib, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra dinləyicilər təntənəli şəkildə "Polis andı"nı qəbul ediblər.
Mərasim şəxsi heyətin nizami addımlarla tribuna önündən keçməsi ilə başa çatıb.