...

Qurban Yetirmişli: Zaqataladakı zəlzələnin ocağı bir neçə aya sönəcək

Cəmiyyət Materials 15 May 2012 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend müxbir İ.İsabalayeva/

Mayın 7-də Zaqatalada baş vermiş zəlzələnin ocağı qısa müddətdə sönməyəcək və ərazidə yeraltı təkanlar bir neçə ay davam edəcək. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, yaxın aylarda gözlənilən zəlzələlər arasında hiss edilənlər də olacaq. Bu zəlzələlərin gücünün 4-5 bal olması mümkündür. Amma ərazidə yenidən gücü 7 baldan çox zəlzələ ola bilməz.

"Zaqataladakı zəlzələ güclü prosesdir və güclü təkanlardan sonra bu proses afterşoklarla davam etməlidir. Analizlər göstərir ki, ərazidə gərginlik var, boşalma hələ tədricən gedir. Şəkidə zəlzələlərin olmağı da bunu göstərir. Mən hələ dünən də dedim ki, Şəkidə də zəlzələ gözlənilir. Hazırda orada da gərginlik davam edir. Bu proses bir az davam edəcək", - mərkəz direktoru əlavə edib.

Əhalini bu proseslərdən qorxmamağa çağıran Yetirmişli deyib ki, Zaqatalanın Gözbaraq, Bazar, Mamrux, Zəyəm, Muxax kənləri, Zaqatala ilə həmsərhəd yerləşən Qax rayonunun Güllük kəndindəki binaların 90 faizi qəzalı və dağılmış vəziyyətdədir. Buna görə də həmin ərazilərdə yaşayanlara evlərə girməmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti