Azərbaycan, Bakı, 19 may / Trend müxbir K.Zərbalıyeva/
Zaqatalada dünən baş verən güclü təkrar zəlzələdən sonra uçan və qəzalı vəziyyətə düşən evlərin və sosial obyektlərin sayı artıb.
Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov Trend-ə bildirib ki, ilkin dəqiqləşdirmələr zamanı rayonda zəlzələdən uçan binaların sayı 487, qəzalı evlərin sayı 6773, qəzalı sosial obyektlərin sayı 232-yə çatıb.
Zəlzələdən uçan və qəzalı vəziyyətə düşən binalarda yaşayan 7260 ailə köçürülüb.
Ramazanov deyib ki, bu gündən rayonda qəzalı vəziyyətə düşən orta məktəblərin söküntüsünə başlanılıb.
Onun sözlərinə görə, rayonda 49 orta məktəb qəzalı vəziiyətdədir və onların hansının sökülməsinə isə komissiya qərar verəcək.
Artıq rayona müvafiq texnikalar, tikinti materialları gətirilib. Söküntü işləri başa çatandan sonra yeni məktəb binaları tikiləcək.
Qeyd edək ki, dünən 19:46-də mərkəz episentri Zaqataladan 15 km cənubda 6 bal gücündə zəlzələ qeydə alınıb. Episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 4-5 bal gücündə hiss olunub.
Bu gün səhər isə Zaqatalada daha iki zəlzələ qeydə alınıb.