...

BDU bir qrup jurnalisti və KİV-i mükafatlandırıb

Cəmiyyət Materials 20 İyun 2012 15:44 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq Həsən bəy Zərdabinin 170 illik yubiley tədbiri və "Universitetin dostu" mükafatının təqdimat mərasimi keçirilib.
BDU bir qrup jurnalisti və KİV-i mükafatlandırıb

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq Həsən bəy Zərdabinin 170 illik yubiley tədbiri və "Universitetin dostu" mükafatının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, bununla əlaqədar bu gün keçirilən tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, "Əkinçi" qəzetini yaratmaqla milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabi bununla Azərbaycanda ədəbi-bədii, ictimai fikrin formalaşmasında, maarifləndirmə səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb.

"Həsən bəy Zərdabi özü də imkansız olub, çətin həyat şəraiti olub. Amma buna baxmayaraq, fikirləşib ki, bu qəzet hökmən olmalıdır. O, əslində riyaziyyatçı olub. Amma milli təəssübkeşlik ona qəzetçiliklə məşğul olmasına imkan verib", - rektor əlavə edib.

O deyib ki, bu gün artıq Azərbaycanda çoxsaylı kütləvi informasiya vasitələri var. Onlar bu gün IV hakimiyyət hesab edilirlər.

Daha sonra BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev "Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik" mövzusunda çıxış edib. Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə universitet-mətbuat münasibətlərindən, "Universitetin dostu" mükafatının təsis edilmə zərurətindən danışıb.

Tədbirin sonunda bir qrup KİV-ə "Universitetin dostu" mükafatı, bir qrup jurnalistə isə universitetin Fəxri diplomu təqdim edilib. Mükafatlandırılmış jurnalistlər arasında Trend İnformasiya Agentliyinin müxbiri İlhamə İsabalayeva da olub.

Xəbər lenti

Xəbər lenti