...

Anar Ələkbərov: Heydər Əliyev Mərkəzi fəaliyyətini normal qaydada davam etdirir (ƏLAVƏ OLUNUB)(FOTO)

Cəmiyyət Materials 21 İyul 2012 17:59 (UTC +04:00)
Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinə heç bir zərər dəyməyib.
Anar Ələkbərov: Heydər Əliyev Mərkəzi fəaliyyətini normal qaydada davam etdirir (ƏLAVƏ OLUNUB)(FOTO)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.Mehdiyev/

Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinə heç bir zərər dəyməyib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Mərkəzin direktoru Anar Ələkbərov deyib.

"Yanğın Heydər Əliyev Mərkəzinin muzey hissəsinin dam örtüyündə baş verib. Muzeyin daxilinə heç bir ziyan dəyməyib. Biz fəaliyyətimizi normal qaydada davam etdiririk", - Ələkbərov bildirib.

Onun sözlərinə görə, binada mükəmməl yanğınsöndürmə sistemi mövcuddur. Hazırda burada tikinti şirkəti işləri davam etdirir və tamamlama işləri yekunlaşdırılır. Buna görə də, təhlükəsizlik sistemi hələ tam təhvil verilməyib.

İlkin ehtimala görə, yanğın orada qaynaq işlərinin aparılması səbəbindən baş verib.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov isə jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev Mərkəzində yanğın ilkin versiyaya görə, qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verib. Əsədovun sözlərinə görə, YMX-nin nəzdində fəaliyyət göstərən təhqiqat və sınaq laboratoriyasının əməkdaşları tərəfindən hadisə yerindən sınaq nümunələri götürülüb. Gələn həftənin əvvəli yanğının səbəblərinə dair məlumat ictimaiyyətə açıqlanacaq.

"Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin iç hissəsinə zərər dəyməyib, Mərkəzin 1000 kvadrat metr dam örtüyü yanıb", - Əsədov əlavə edib.

Onun sözlərinə görə, yanğın barədə məlumat FHN-in yanğınsöndürmə qüvvələrinin idarə edilməsi mərkəzinə iyulun 20-si səhər saat 11:34-də daxil olub.

"Dərhal hadisə yerinə yanğınsöndürmə qüvvələri göndərilib. Hadisə yerində yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksək çağırış elan edilib və Bakı qarnizonunun əlavə 25 texnikası və 2 yanğınsöndürmə helikopteri göndərilib. Şəxsi heyətimizin yüksək peşəkarlığı nəticəsində yanğının Mərkəzin daxilinə nüfuz etməsinin qarşısı alındı. Mərkəzin daxilinə heç bir ziyan dəymədi. İnsanlar arasında xəsarət alan olmayıb", - Əsədov vurğulayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında deyib ki, Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsi ilə bağlı Baş prokurorun tapşırığına əsasən dərhal Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəhbəri, müstəntiqləri, Kriminalistika şöbəsinin prokurorları və mütəxəssisi müasir kriminalistik avadanlıqlarla təchiz edilmiş səyyar kriminalistika laboratoriyası ilə birlikdə yanğının baş verdiyi əraziyə gələrək hadisə yerinə baxış keçiriblər. Baxışa Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və mütəxəssisləri cəlb olunublar.

Sultanovun sözlərinə görə, hadisə yerinə müfəssəl baxış keçirilərək müəyyən edilmişdir ki, yanğın Mərkəzin muzey korpusunun tavan hissəsini əhatə edib.

Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən elektrik qaynağı aparatı, üzərində qaynaq işləri aparılmış metal hissələr götürülmüşdür.

Sultanov bildirib ki, yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Baş prokurorun göstərişinə əsasən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə Məhkəmə-yanğın-texniki, Tikinti-texniki, Fiziki-kimyəvi və Trasoloji ekspertizalar təyin edilmişdir. Eyni zamanda yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Cinayət işi üzrə Azərbaycan Respublikası Baş prokurorunun, Fövqəladə Hallar, Milli Təhlükəsizlik və Ədliyyə nazirlərinin 20 iyul 2012-ci il tarixli birgə əmri ilə həmin qurumların mütəxəssislərindən və təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Baş prokurorun eyni tarixli qərarı ilə cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır.

Sultanov bildirib ki, əsas fərziyyə kimi qaynaq işləri görülərkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması səbəbindən yanğının baş verməsi, eyni zamanda digər fərziyyələr ətrafında da intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

"İş üzrə cinayət məsuliyyətinə cəlb olunan varmı?" sualına cavabında isə Sultanov bildirib ki, hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilməklə zəruri istintaq hərəkətləri, o cümlədən Mərkəzdə işləyən mütəxəssislər və digər şahidlərin dindirilməsi prosesləri həyata keçirilir.





Xəbər lenti

Xəbər lenti