Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanda lüğətlərin yerləşdiriləcəyi vahid internet portalın yaradılması gözlənilir. Trend-in məlumatına görə, bu təklif Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" bu il imzaladığı sərəncamın icrasını həyata keçirmək məqsədilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçi qrupunun çərşənbə günü keçirilən iclasında təsdiqlənib.
İşçi qrupunun rəhbəri Kamal Abdulla AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun bu məsələ ilə bağlı təklifini qəbul edərək vurğulayıb ki, müxtəlif lüğətlərin vahid portalda yerləşdirilməsi cəmiyyət tərəfindən onların istifadəsinin asanlaşdırılmasına səbəb olacaq.
Abdulla qeyd edib ki, portalda həmçinin Azərbaycan alimlərinin elmi işlərinin yerləşdirilməsi də məqsədəuyğun olar.
İşçi qrupu bu gün sonuncu iclasını keçirərək, ötən dövr ərzində toplanan təklifləri ümumiləşdirərək Dövlət Proqramını mütəxəssislərə təqdim etmək üçün hazırlayıb.
Dövlət Proqramında dövlət dilinin elm və təhsil müəssisələrində tətbiqinin hüquqi təminatı, elmi müəssisələrdə, həmçinin təhsil sahəsində dövlət dilinin fəaliyyəti, tətbiqi və inkişaf etdirilməsi, dövlət dili ilə bağlı kadr hazırlığı, Azərbaycan dili idarəçilikdə, beynəlxalq aləmdə, küçə və reklamların dili, Azərbaycan dili KİV-də, informasiya texnologiyalarında və başqa məsələlər yer alıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" haqqında sərəncam imzalayıb.
Azərbaycanda lüğətlərin yerləşdiriləcəyi vahid internet portalın yaradılması gözlənilir
Azərbaycanda lüğətlərin yerləşdiriləcəyi vahid internet portalın yaradılması gözlənilir.
