...

Azərbaycanda xaricdə təhsil almaq şansını daha cox diplomlu gənclər qazanacaqlar

Cəmiyyət Materials 22 Avqust 2012 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin xarici ölkələrdə ali təhsil alması üçün seçim aparılarkən diplomdan sonrakı təhsilə daha çox üstünlük veriləcək.

Bunu Trend-ə Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva deyib.

Onun sözlərinə görə, gələcəkdə mütəxəssis hazırlığı zamanı bakalavr deyil, magistratura, doktorantura, uzmanlıq (rezidentura) səviyyələri üzrə kadr hazırlığına diqqəti artıracaqlar.

Bu işin növbəti tədris ili üçün hələ tətbiq edilmədiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, ali təhsilin bakalavr səviyyəsi üzrə təhsil müddəti uzundur. Bu müddət 4 ildən 6 ilə kimi davam edə bilər. Amma magistratura, doktorantura səviyyələri üzrə təhsil müddəti 1-3 ildir.

"Diplom almış hazır mütəxəssisi peşəkar mütəxəssis kimi yetişdirmək daha sərfəlidir. Onun təhsili üçün o qədər də böyük maliyyə vəsaiti sərf edilmir",- Əliyeva deyib.

O qeyd edib ki, xaricdə təhsilin daha təkmil formada təşkil edilməsi üçün ötən müddətdə bır sıra yeniliklər edilib.

Şöbə müdirinin sözlərinə görə, artıq ikinci ildir ki, xaricdə təhsil almaq istəyənlər elektron ərizə forması ilə nazirliyə müraciət edirlər.

"Bunun da üstünlüyü odur ki, müraciət edən şəxs özü vaxtı təyin edir və bunu ərizəsində qeyd edir. Həmin vaxtda da o, nazirliyə dəvət edilir. Bundan başqa, Təhsil Nazirliyi və Dövlət Neft Fondunun birgə istifadə edə bilməsi üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı məlumat bazası yaradılıb"-Əliyeva əlavə edib.

O qeyd edib ki, xaricdə təhsilin təşkili ilə bağlı tələbələr, eləcə də digər şəxslər təklif verə və nazirlik də onu müzakirə edə bilər.

Qeyd edək ki, bu günədək "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1204 nəfər təhsil almaq hüququ qazanıb.

Xəbər lenti

Xəbər lenti