...

Azərbaycanda tarixi və mədəniyyət abidələrinin dövlət qeydiyyatı yekunlaşır

Cəmiyyət Materials 30 Avqust 2012 13:39 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə ərazisində yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatı üzrə tədbirlər davam etdirilir və prosesin yaxın aylarda tamamlanması nəzərdə tutulur.
Azərbaycanda tarixi və mədəniyyət abidələrinin dövlət qeydiyyatı yekunlaşır

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə ərazisində yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatı üzrə tədbirlər davam etdirilir və prosesin yaxın aylarda tamamlanması nəzərdə tutulur.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 6308 abidə yer alıb ki, bunlardan 699-u Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yerləşir.

2006-cı ildən başlayan yeni aşkar olunmuş abidələrin qeydiyyatı prosesində 1725 obyekt dövlət qeydiyyatına alınıb və onlarda ilkin mühafizə tədbirləri gücləndirilib. Bunlar əsasən arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş, müasir dövrümüzdə tikilmiş və memarlıq üslubuna, plan həllinə görə fərqlənən, əvvəlki qeydiyyata alma zamanı nəzərə alınmamış obyektlərdən ibarətdir.

"Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında" qanuna əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən toplanmış materiallar, yeni aşkar olunmuş obyektlərin siyahısı baxılması və müvafiq əhəmiyyət dərəcəsinin müəyyən olunması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq İnstitutlarına təqdim ediləcək.

Müvafiq rəylər alındıqdan və abidələrin ümumi inventarlaşdırılması aparıldıqdan sonra tarix və mədəniyyət abidələrinin yeni dövlət siyahısı təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti