Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Türkiyənin Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksel Gülbeylə görüşüb.
Şuradan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşdə iki ölkənin qeyri-hökumət təşkilatlarının əməkdaşlığı barədə geniş fikir mübadiləsi aparılıb. Gülbey rəhbərlik etdiyi təşkilatın Avropa ölkələrində, Türkiyədə, xüsusilə İqdır bölgəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Quliyev Azərbaycan QHT-ləri və Türkiyə Sivil Toplum Quruluşlarının ölkələrimizə qarşı həm beynəlxalq, həm də regional miqyasda irəli sürülən erməni iddiaları ilə mübarizədə böyük həmrəylik göstərdiyini, amma bu işin davamlı, mütəşəkkil və daha təsirli formalarda aparılmasının zəruriliyini qeyd edib. Bildirilib ki, əməkdaşlığın effektiv koordinasiyası üçün iki ölkə QHT-ləri arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi vacibdir.