...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra məsul işçiləri vəzifələrindən azad ediliblər (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2012 15:36 (UTC +04:00)
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə nazirlikdə videkonfrans sistemi vasitəsilə distant formada ümumrespublika müşavirəsi keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra məsul işçiləri vəzifələrindən azad ediliblər (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə nazirlikdə videkonfrans sistemi vasitəsilə distant formada ümumrespublika müşavirəsi keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müşavirədə vətəndaşların qəbulu və onların müraciətlərinə baxılmasında ciddi nöqsanlara yol verən əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi, habelə vətəndaşların onlara ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə elektron şəkildə məlumat ala bilmələri üçün yardım təyin olunan ailələrin siyahısının dəqiqləşdirilməsi istiqamətində görülən işlər ətraflı təhlil edilib.

Tədbirdə qeyd olunub ki, ərizə və şikayətlərin araşdırılması nəticəsində işlərində ciddi nöqsanlara yol verildiyi aşkar olunan Lənkəran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru, həmçinin kompüter üzrə mütəxəssisi vəzifələrindən azad olunub, direktor müavini vəzifəsindən azad olunaraq aşağı vəzifəyə keçirilib.

Eyni zamanda, vəzifələrinin icrasında ciddi nöqsanlara yol verən Binəqədi rayon Əhalinin sosial müdafiəsi mərkəzinin 2 nəfər və Göyçay rayon Əhalinin sosial müdafiəsi mərkəzinin 1 nəfər baş məsləhətçisi vəzifələrindən azad ediliblər. Astara, Quba, Ağcabədi və Bakının Xəzər rayon ƏSMM-lərində aparılan araşdırmalar nəticəsində aşkar olunan bir sıra nöqsanlar həmin mərkəzlərin direktorlarının diqqətinə çatdırılıb, mərkəzlərin kollektivinə müvafiq əməli köməklik göstərilib.

Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə dair sahələrlə bağlı müraciətlərini ünvanlamaları üçün fəaliyyət göstərən nazirliyin 142-Qaynar Xəttinin fəaliyyəti daha da gücləndirilib və bütün rayon və şəhərlərdə, o cümlədən ƏSMM-lərdə və ictimai yerlərdə 142-Qaynar Xətt plakatları yerləşdirilib.

Vətəndaş müraciətlərinin obyektiv və ədalətli şəkildə araşdırılması, vəzifə borcuna səhlənkar münasibət göstərən əməkdaşların inzibati qaydada cəzalandırılması işlərinin müsbət nəticəsi olaraq, ünvanlı sosial yardımla bağlı daxil olan ərizə və şikayətlərin sayı son üç ay ərzində 30 faiz azalıb.

Tədbirdə bildirilib ki, vətəndaşların onlara ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə elektron şəkildə məlumat ala bilmələri üçün yardım təyin olunan ailələrin siyahısının dəqiqləşdirilməsi işləri yaxın günlərdə başa çatdırılacaq. Bununla əlaqədar olaraq, ünvanlı yardım alan ailələr haqqında elektron məlumat bazasında toplanmış məlumatların düzgünlüyü bir ay müddətində müəyyən ediləcək.

Müşavirənin yekununda nazirliyin Kollegiyasının qərarı oxunaraq qəbul edilib. Qərara əsasən, vəzifələrinin icrasında yol verdikləri nöqsanlara, o cümlədən vətəndaşlarla münasibətləri normal qurmadıqlarına görə Beyləqan, Ağdaş, Yevlax, Zərdab rayon və Mingəçevir şəhər ƏSMM-lərinin ümumilikdə 6 nəfər baş məsləhətçisinə töhmət verilib. Həmçinin Ağdaş rayon ƏSMM-nin 1 nəfər baş məsləhətçisinin vəzifə maaşı 1 il müddətinə 20 faiz aşağı salınıb, Yevlax rayon ƏSMM-in sosial məişət xidməti sektoru müdiri vəzifəsini icra edən şəxs aşağı vəzifəyə - mərkəzin baş məsləhətçisi vəzifəsinə keçirilib. Qərarla Şirvan və Sabirabad rayon ƏSMM-lərində və Tibbi-sosial ekspert komissiyalarında araşdırmalar aparılacaq.

Müşavirədə nazir Fizuli Ələkbərov vətəndaş müraciətlərinin onların özlərinin iştirakı ilə obyektiv və ədalətli araşdırılması, fəaliyyətində nöqsanlara, vətəndaşlarla münasibətlərdə dövlət qulluqçusuna yaraşmayan hallara yol verən əməkdaşlarla əlaqədar qanunauyğun tədbirlərin görülməsi, vətəndaşların ünvanlı yardım almaq üçün müraciətlərinə qanunvericilikdə nəzərdə tutulan müddət ərzində baxılaraq cavablandırılmasına nəzarətin artırılması, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirilməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti