...

Azərbaycan Təhsil Nazirliyi yekun attestasiya imtahanlarının hansı formatda keçirilməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 13 Oktyabr 2012 10:07 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ümumtəhsil sistemində yekun attestasiya imtahanlarının hansı formatda, nə vaxt və harada keçirilməsi barədə qərarın verilməsi səlahiyyətinin Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilməsi məsələsinə aydınlıq gətirib.
Azərbaycan Təhsil Nazirliyi yekun attestasiya imtahanlarının hansı formatda keçirilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ümumtəhsil sistemində yekun attestasiya imtahanlarının hansı formatda, nə vaxt və harada keçirilməsi barədə qərarın verilməsi səlahiyyətinin Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilməsi məsələsinə aydınlıq gətirib.

Yeni dəyişikliyi şərh edən Təhsil Nazirliyinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Trend-ə deyib ki, konsepsiyada qeyd edilən yekun imtahanların hansı formatda, necə və nə vaxt keçirilməsi səlahiyyəti TQDK-ya verildiyinə görə bu imtahanların keçirilməsi barədə qərarı da həmin qurum verməlidir. Buraxılış imtahanı üçün həmin fənlərdən istifadə edilib-edilməməsi də artıq TQDK tərəfindən müəyyənləşdirilməlidir.

Şöbə müdirinin sözlərinə görə, yekun attestasiya yalnız buraxılış imtahanı deyil. Bu, digər qiymətləndirmələri də özündə ehtiva edir.

"Məsələn, buraxılış sinfinin və buraxılışdan əvvəlki sinfin illik qiymətləri, keçirilən bu və ya digər imtahanlar birlikdə yekun attestasiyanı təşkil edir. Başqa sözlə desək, yekun attestasiyanın qiyməti bir neçə parametlər nəzərdə alınmaqla hesablanır. Yekun qiymətləndirmə bütün siniflər üzrə aparılır. Aralıq siniflərdə bu yarımilliklər toplanmaqla illik qiymətlər şəklində müəyyənləşdirilirsə, yekun attestasiya yalnız buraxılış siniflərində buraxılış imtahanları da əlavə edilməklə aparılır", - o deyib.

Qeyd edək ki, "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası"na görə, yekun attestasiya imtahanlarına Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya və xarici dil fənləri daxildir.

Ötən dərs ilinə qədər bu imtahanların hansı formatda, nə vaxt və harada keçirilməsi barədə Təhsil Nazirliyi qərar qəbul edirdi. Ölkə Prezidentinin yekun attestasiyanın TQDK tərəfindən keçirilməsi barədə verdiyi fərmana uyğun olaraq, konsepsiyaya edilən yeni dəyişikliklərdən sonra bu səlahiyyət artıq TQDK-ya verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti