...

Azərbaycanda bəzi yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələr artırılır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 Noyabr 2012 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bəzi yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələr artırılır.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliklərdə nəzərdə tutulur ki, nəqliyyatı idarə edən şəxs məişət tullantılarını nəzərdə tutulan yerə atmadıqda, fiziki şəxs 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat miqdarında cərimə ediləcəklər. Sürücülər üfüqi nişanlama xətlərini keçdiyi üçün 60 manat, müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə 80 manat cərimələnəcəklər.

Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücülər 300 manata qədər cərimələnəcək.

Sərxoş vəziyyətdə xəta törədən şəxs 1 ilə qədər nəqliyyat vasitəsindən istifadə etmək hüququnu itirəcək, 400 manatdan 500 manata qədər cərimələnəcək. Hadisə təkrar baş verdikdə, nəqliyyatı idarə etmək hüququ 2 ilə qədər məhdudlaşdırılacaq, 400-500 manat məbləğində cərimə tətbiq olunacaq.

Sərxoşluq müayinəsindən boyun qaçıran sürücülər 1 ildən 2 ilə qədər avtomobili idarə etmək hüququndan məhrum edilməklə 300 manatdan 700 manata qədər cərimələnəcək və ya 15 günə qədər inzibati həbs cəzası alacaqlar.

Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə cərimələrin məbləği də artırılır.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə cərimələr 30 manat, hərəkət sürətini 20-40 km/saat həddində aşmağa görə 50 manat, hərəkət sürətini 40-60 km/saat həddində aşmağa görə 150 manat, hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə 250 manat nəzərdə tutulur.

Həmçinin, yol hərəkəti qaydalarını pozan piyadalar 20 manatdan 30 manata qədər cərimələnəcəklər.

Avtomobil magistrallarında və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə yüz manat miqdarında cərimə tətbiq ediləcək.

Həmçinin, avtoxuliqanlığa görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 400-600 manat miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 5 gündən 10 günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 600-800 manat miqdarda cərimə tətbiq edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 10 gündən 15 günədək inzibati həbs tətbiq olunur.

Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə cərimənin məbləği 30 manat təklif olunur. Hazırda bu pozuntuya görə 10 manat cərimə nəzərdə tutulub.

Milli Məclis Məcəlləyə təklif olunan bu dəyişiklikləri qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti