...

Azərbaycanın məktəb və bağça bufetlərində hazırlanan qidalarla bağlı ilkin təkliflər açıqlanıb

Cəmiyyət Materials 14 Noyabr 2012 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) müvafiq qurumlarla birgə formalaşdırdığı işçi qrupunun orta məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin bufetlərində satılan ərzaq məhsulları və hazırlanan qidalarla bağlı ilkin təklifləri və mütəxəssislərin rəyləri açıqlanıb.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı çərşənbə günü Trend-ə deyib ki, bufetlərdə azyaşlılar və məktəblərin rasionlarına meyvə-tərəvəz, süd məhsulları, vitaminlərlə zəngin, keyfiyyətli, ekoloji baxımdan təmiz olan məhsulların, isti yeməklərin daxil edilməsi, uşaqlara təmiz meyvələrdən hazırlanmış şirələrin verilməsi, uşaqların sağlamlığına zərər yetirən qidaların satışı və hazırlanmasının qarşısı alınması təklif edilir. Zərərli məhsullar dedikdə isə, tərkibində konservantlar, qida əlavələri, kimyəvi maddələrlə zəngin olan qidalar nəzərdə tutulur. Mütəxəssislər belə qidaların uşaqlara verilməsini tövsiyə etmirlər.

Talıblı deyib ki, hazırda mütəxəssislərin fikirləri və rəyləri nəzərə alınmaqla standartların hazırlanması istiqamətində işlər aparılır. Bununla bağlı Səhiyyə və Təhsil nazirliklərinə də məktublar göndərilib. Yaxın həftələrdə standartlar layihəsi tam hazır olacaq. Layihə hazırlandıqdan sonra komitə rəhbərliyinə təqdim ediləcək və komitənin rəhbəri tərəfindən təsdiqlənəcək. Bu standartlar məktəblərdə və uşaq bağçalarında ciddi şəkildə tətbiq ediləcək. Onlara nəzarəti isə SMPDK yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti həyata keçirəcək.

Qeyd edək ki, ölkə Prezidenti müvafiq standartların hazırlanması ilə bağlı tapşırıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti