Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Bakı şəhərində fəaliyyət göstərən təcili tibbi yardım xidmətinin işinin keyfiyyətini yüksəltmək üçün Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidmətinin yeni inzibati binasında ən müasir kompüter şəbəkəsi yaradılıb.
Səhiyyə Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, "103" çağırış nömrələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün 2 ayrı istiqamətdən bir-birini əvəz edə biləcək fiberoptik kabel stansiyaya çatdırılıb.
Bununla da GPRS üzərindən təcili tibbi yardım stansiyalarının və avtomobillərinin mərkəzlə əlaqəsi yaradılıb. Xüsusi elektron xəritə üzərindən hər an hadisəyə ən yaxın avtomobilin təyin edilməsi mümkündür. Mərkəzi Stansiyada fəaliyyət göstərən dispetçerlərin istifadəsinə yeni yaradılmış xüsusi proqram təminatı hazırlanıb. Bu proqram vasitəsilə dispetçerlərin işinin effektivliyi və əhaliyə operativliyi daha da artıb.