...

Bakıda Avropa İttifaqına Nobel sülh mükafatının təqdim olunması qeyd edilib

Cəmiyyət Materials 10 Dekabr 2012 17:13 (UTC +04:00)
Bu gün Avropa İttifaqına (Aİ) Nobel sülh mükafatının təqdim olunması münasibətilə qurumun Bakıdakı nümayəndəliyi tədbir keçirib.
Bakıda Avropa İttifaqına Nobel sülh mükafatının təqdim olunması qeyd edilib

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Avropa İttifaqına (Aİ) Nobel sülh mükafatının təqdim olunması münasibətilə qurumun Bakıdakı nümayəndəliyi tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, millət vəkilləri və rəsmi şəxslər iştirak ediblər.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib ki, bu hədiyyə bütün dünyada sülhsevər, birgə yaşamağı istəyən insanlar üçün həvəsləndirici rol oynamalıdır. Bu, həmçinin gələcək sülhə bir töhfədir.

"Biz fəxr edirik və inanırıq ki, bu hədiyyə Cənubi Qafqazda da sülhə həvəsləndirici bir mənbə olacaq. Nəyə görə Cənubi Qafqaz? Çünki burada münaqişələr var. Biz Cənubi Qafqaza, o cümlədən Azərbaycana sülhün bərqərar olunmasında kömək etmək istəyirik və yerli əhali özünü daha geniş Avropa məkanının əhalisi hesab edərək, sülh, stabillik və demokratik şəraitində yaşamalıdır", - o deyib.

Fransanın Azərbaycandaki səfiri Paskal Monye isə bildirib ki, Nobel sülh mükafatının Aİ-yə verilməsinin böyük əhəmiyyəti var.

"Bu mükafat getdikcə daha sıx birləşən Avropaya verilən önəmin göstərisidir. Avropa nə qədər böyüsə, bir o qədər demokratik olacaq. Nə qədər demokratik olsa, bir o qədər xoş təsiri artacaq", - o bildirib.

Qeyd edək ki, tədbirdə Osloda Nobel sülh mükafatının təqdimatı canlı yayımla nümayiş olunub.

Nobel mükafatı Avropa İttifaqının prezidenti Van Rompey, Avropa Parlamentinin sədri Martin Şuls və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti