...

Azərbaycanın gənclər təşkilatları "Freedom House"-un dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatına etiraz edib

Cəmiyyət Materials 15 Dekabr 2012 13:22 (UTC +04:00)
Gənclərlə İş üzrə İctimai Şuranın üzvü olan 200-ə yaxın gənclər təşkilatları bir araya gələrək "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatına etiraz edib.
Azərbaycanın gənclər təşkilatları "Freedom House"-un dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatına etiraz edib

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.Mehdiyev/

Gənclərlə İş üzrə İctimai Şuranın üzvü olan 200-ə yaxın gənclər təşkilatları bir araya gələrək "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatına etiraz edib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nürəddin Mehdiyev bildirib ki, son bir neçə ildə Azərbaycan haqqında yayılan bu hesabatlar qərəzlidir və obyektivlikdən çox uzaqdır.

"Çünki bu hesabatda Azərbaycanda baş verən real hadisələr öz əksini tapmır və bir qrup üzdəniraq ekspertlərin və QHT rəhbərlərinin verdikləri məlumatlar və rəylər əsasında yazılan hesabatdır. Çox təəssüf doğurucu haldır ki, həmin "Freedom House" təşkilatının rəhbərliyi, ekspertləri hesabatları Azərbaycandakı real vəziyyəti öyrənmədən hazırlayırlar", - Mehdiyev deyib.

O qeyd edib ki, bu hesabat şəxsi, subyektiv təxəyyülün məhsuludur və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları bu hesabatda Azərbaycan haqqında verilmiş məlumatla razılaşmır və bunu subyektiv mülahizələrin nəticəsi kimi qiymətləndirir.

Mehdiyev bildirib ki, bu qərəzli bir hesabatdır və müxtəlif beynəlxalq dairələrin, hətta ermənilər tərəfindən idarə olunan və maliyyələşdirilən müxtəlif lobbi qrupları və dairələrin fikirlərini özündə əks etdirir.

"Bu hesabat Azərbaycanda baş verən müsbət hadisələrə reallıqdan uzaq, qeyri-obyektiv qiymətdir və Azərbaycanın son illərdəki inkişafının müxtəlif beynəlxalq dairələrin gözününün götürməməsindən, ölkəmizin bölgənin təhlükəsizliyində oynadığı rolu, mədəniyyətlərarası dialoqa verdiyi töhfələri görməməkdən irəli gəlir", - Mehdiyev deyib.

Daha sonra tədbirdə çıxış edən İctimai Şuranın sədr müavini Gülsel Səfərova qeyd edib ki, "Freedom House" təşkilatı həqiqətən də qərəzli və qeyri-obyektiv mövqedən çıxış edir.

Onun sözlərinə görə, bu hesabat yayılmazdan əvvəl bəzi antiazərbaycan qüvvələr bir yerə yığışaraq bu hesabatın Azərbaycana qarşı yazılmasına çalışıblar.

Səfərova Azərbaycan gənclərini bir araya gələrək bu cür hesabatların yayılmasının qarşısını almağa, bu cür fikirləri dəyişdirməyə çağırıb.

Daha sonra tədbirdə çıxış edən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Azərbaycana qarşı bu cür qərəzli bəyanatlar çox səsləndirilib, ancaq bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycanda hüquqları pozulan bir milyondan artıq qaçqın və məcburi köçkünlərdir ki, "Freedom House" onları diqqətdən kənarda qoyur.

"Azərbaycanda necə insan hüquqlarının, media azadlıqlarının məhdudaşdırıldığını demək olar ki, bu gün Azərbaycanda müxalif mətbuatın sayı ölkədəki mətbuatın yarısını əhatə edir və onlar gündəlik öz qəzetlərində, saytlarında, informasiya portallarında Azərbaycan hakimiyyətinin ünvanına istənilən ittihamlar, hətta təhqirlərlə çıxış edirlər", - Şahbazlı deyib.

O bildirib ki, bu cür qeyri-ciddi hesabatların Azərbaycan dövlətinə heç bir təsiri ola bilməz.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) baş katibi Vüsal Qurbanov qeyd edib ki, "Freedom House"-un bu hesabatı heç də təəccüb doğurmamalıdır, çünki bu təşkilat həmişə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib və növbəti bəyanatda da bu, öz əksini tapdı.

"Həmin hesabata baxsaq görərik ki, orada Azərbaycanda internetin sıxışdırılması qeyd olunub, ancaq Azərbaycanda 7-ci Beynəlxalq İnternet Formunun keçirilməsi və bu forum ərəfəsində Azərbaycana gələn qonaqların Azərbaycan haqqında, ölkədə internetin azadlığı haqqında yüksək fikirlər bildirməsi bir daha onu göstərir ki, Azərbaycanda internet azaddır", - Qurbanov deyib.

Onun sözlərinə görə, "Freedom House"-un verdiyi bu qərəzli bəyanat göstərir ki, onlar sifariş əsasında hazırlanır.

Dünya Azərbaycanlı Gənclər Birliyinin beynəlxalq əlaqələr üzrə layihə rəhbəri Əbülfəz Şeydabəyov qeyd edib ki, "Freedom House"-un hesabatında Ermənistanın demokratiya, azadlıq, insan hüquqları sahəsində Azərbaycandan öndə göstərilməsi bir daha bu hesabatın kimlərinsə sifarişi əsasında hazırlandığını göstərir.

"Əgər Ermənistanda insan hüquq və azadlıqları "Freedom House"-un dediyi kimi təmin olunsaydı, indiyə qədər oradan milyon yarımdan çox vətəndaş həyat axtarışı üçün xarici ölkələrə qaçmazdı", - Şeydabəyov deyib.

Gənclər Təşkilatları Milli Şurasının Məclis sədri Rəşxan Qaraşlı bildirib ki, "Freedom House"-un və digər bu kimi təşkilatların hesabatlarında əsas məqsəd demokratiya və azadlıq mübarizəsi deyil, sadəcə olaraq həmin ölkələrdə idarəetməyə təsir göstərməkdir.

"Bunlar bu cür hesabatlarla dövlətlərə təsir edərək gələcəkdə onların iqtisadi idarəetməsini ələ almaq istəyirlər", - Qaraşlı deyib.

Daha sonra tədbirdə çıxış edən digər gənclər də hesabat haqqında öz fikirlərini bölüşüblər, Azərbaycan gəncliyini bu cür qərəzli qüvvələrə qarşı mübarizə aparmağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti