...

Deputat: Rüstəm İbrahimbəyovun iddiaları yersizdir

Cəmiyyət Materials 17 Yanvar 2013 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun İttifaqda başlanan vergi yoxlamalarından siyasi təbliğat üçün istifadə etməsini yersiz sayır.

Sadıqov qeyd edib ki, bazar iqtisadiyyatı olan ölkələrdə vergi dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri sayılır və hər bir hüquqi şəxs, sahibkar, təşkilat vergi ödəməyə borcludur. Vergi qurumları da bu işə nəzarət edirlər və bunların əlində konkret qanunlar, əsasnamə və təlimatlar var.

"Əgər vergi orqanları Azərbaycan Kinematoqrafçılar İttifaqında hansısa vergi ödənilməsində bir nöqsan tapıblarsa, orada vergi gizlədilməsi ilə bağlı şübhələr varsa, bunu yoxlamaq vergi orqanının vəzifə borcu, vəzifə səlahiyyətidir. O insanlar bu işləri qanun əsasında görəcəklər və əgər elə bir gizlədilmə, qəsdən ödəməmə, qanun pozuntusu varsa, bu, qanun əsasında da qiymətləndiriləcək", - Sadıqov deyib.

Millət vəkili qeyd edib ki, bu məsələni siyasiləşdirmək, özü üçün təbliğat kampaniyasına çevirmək yersizdir.

"Guya iqtidar Rüstəm İbrahimbəyovdan onun hansısa bir siyasi fəaliyyətinə görə "qisas" alır. Bunu bu cür mənalandırıb mətbuata çıxmaq yersizdir. Çünki hələ yoxlamalar gedir, bunun nəticəsi olacaq. Nəticələr hələ məlum olmamış haray-həşir salmaq siyasətlə məşğul olmaq istəyən insanlara yaraşan hərəkət deyil", - Sadıqov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti