...

Elnur Aslanov: Siyasi alfonsa çevrilən "Freedom House" maraqlı strukturların şıltaq sifarişlərini həyata keçirir

Cəmiyyət Materials 18 Yanvar 2013 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

"Hüquq müdafiə" qurumu adlandırılan "Freedom House" beynəlxalq təşkilatının "Democratic breakthroughs in the balance - 2013" adlı hesabatını cəfəngiyat və uydurmadan başqa bir şey adlandırmaq mümkün deyil. Trend-in məlumatlna görə, bu barədə cümə günü Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"Siyasi alfonsa çevrilən bu kontor müxtəlif ölkələrə qara yaxmaq və təzyiq göstərməkdə maraqlı olan strukturların şıltaq sifarişlərini həyata keçirir. Məruzədən görünür ki, belə təşkilatlar işğalçıları dəstəkləyərək, bununla da Azərbaycanın işğal edilmiş ərazilərində uşaq qatilləri rejimini təşviq edərək, Xocalı faciəsinin həqiqətlərini təhrif edərək və günahkarlarını dəstəkləyərək separatizm və terrorçuluğun "yaradıcı"sına çevrilirlər", - Aslanov deyib.

O, həmçinin qeyd edib ki, belə olan halda, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini alçaqcasına "mübahisəli ərazilər" (disputed territories) kimi göstərərək, "sağlam düşüncə ilə insan haqları və azadlıqları haqqında necə danışmaq olar" sualı yaranır.

"Soyuq müharibə" dövrünün qalıntılarının hesabatlarını oxuyarkən yüzlərlə cavabsız suallar yaranır. İşğalçı, Ermənistan silahlı qüvvələrinin birbaşa nəzarəti altında olan və əlləri qoca, qadın və uşaqların qanına boyanmış insanların rəhbərlik etdiyi rejimi siyasi cəhətdən "qismən azad" ərazi kimi necə qeyd etmək olar? 2008-ci il prezident seçkilərindən sonra etiraz dalğalarının yatırılması zamanı Yerevanda vətəndaşların öldürülməsi mövzusunu dəyişərək indiyədək Ermənistanın reytinqini hər cür artıran təşkilatın hesabatlarını necə qəbul etmək olar?" - Prezident Administrasiyasının şöbə müdiri deyib.

Aslanov qeyd edib ki, "Freedom House"un Ermənistanda prezident seçkiləri ərəfəsində mükəmməl səviyyəyə çatdırılmış kütləvi saxtakarlıqların həyata keçirilməsinə məhəl qoymayaraq siyasi vəziyyətin yaxşılaşmasını göstərməyə çalışmasına sakit və soyuqqanlı baxmaq olmaz.

"Hətta uşağa da aydındır ki, Ermənistanda keçirilən prezident seçkilərində güclü rəqiblərin iştirakdan imtina etməsi seçkilərdə siyasi cəhətdən rəqabətin olmamasına və bunun məntiqi nəticəsi kimi, Ermənistanda prezident seçilməsinə heç kəsin şübhə etmədiyi Serj Sarkisyanın siyasi legitimliyinin yoxluğuna gətirib çıxarır", - şöbə müdiri bildirib.

Onun sözlərinə görə, müsəlman əhalinin üstünlük təşkil etdiyi, zəngin enerji resursları olan ölkəyə qarşı üzdə olan "ikili standartlar"da erməni lobbisi tərəfindən "Freedom House"a konkret maliyyə dəstəyi, həmçinin reallıqların və Azərbaycan xalqının maraqlarının əksinə olaraq, öz geoiqtisadi maraqlarını təmin etməyə çalışanların sifarişləri görünür.

Aslanovun sözlərinə görə, belə hesabatları oxuyarkən aydın görünür ki, ölkələrə müvafiq reytinqlər və xəritədə "rəng" verən bu qurum sadəlövhcəsinə və uşaqcasına dünyanı "bizimkilər" (yəni "azad"), "hələlik bizim olmayan" ("qismən azad") və "sizinkilər"ə ("azad olmayan") bölür.

"Çətinlik ondan ibarətdir ki, "azadlıq" anlayışının özünün müəyyənləşdirilməsi üçün faktların sistemləşdirilməsi və ümumiləşdirilməsindən istifadə edilir, bu da bir növ ayrı-ayrı ölkələrdəki vəziyyətin kompleks təhlili və qiymətləndirilməsi nəzərə alınmadan anlayışın özünün "universallaşdırılması"dır. Bununla da biz hesabat haminə tarixi kontekstə bilərəkdən məhəl qoyulmaması və müxtəlif ölkələrin siyasi, iqtisadi, hüquqi, sosial və mədəni xüsusiyyətlərini nəzərə almayan metodika ilə üzləşirik", - Prezidenti Administrasiyasının rəsmisi bildirib.

Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, Berlin divarı dövrünün metodologiyasından istifadə edən "Freedom House" təşkilatı hələ də öz auditoriyasını tapır. Güman etmək olar ki, təşkilatın özünün və metodlarının çürüməsi və sadələşdirilmiş məruzələrin dərc edilməsi hər halda "soyuq müharibə" dövrünün birtərəfli və saxta hesabatlarına maraq göstərənləri cəlb edir. Mövcudluğu yalnız respublikanın daxilində və xaricində olan bəzilərini sevindirən belə hesabatlar isə anti-Azərbaycan elementlərini aşkarlayaraq lakmus kağızı üçün yarayır.

"Təəssüf ki, biz, həmçinin bəzi yerli "fəallar"ın erməni "araşdırmaçılar"la birlikdə Azərbaycanı ləkələyən, biryönlü hesabatlar hazırlamaları ilə üzləşirik", - Aslanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti