...

2012-ci ildə Azərbaycanda korrupsiya faktına görə 3 prokurorluq işçisi barəsində məhkəmə hökmü çıxarılıb

Cəmiyyət Materials 23 Yanvar 2013 10:32 (UTC +04:00)
2012-ci ildə korrupsiya ilə mübarizə prokurorluq orqanlarında da həyata keçirilib.
2012-ci ildə Azərbaycanda korrupsiya faktına görə 3 prokurorluq işçisi barəsində məhkəmə hökmü çıxarılıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ İzzət/

2012-ci ildə korrupsiya ilə mübarizə prokurorluq orqanlarında da həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev çərşənbə günü 2012-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2012-ci il ərzində 3 prokurorluq işçisi barəsində 2 cinayət işi istintaq edilərək baxılması üçün aidiyyəti məhkəmələrə göndərilməklə müvafiq ittiham hökmləri çıxarılıb. Bundan əlavə, korrupsiya hüquqpozmalarına yol vermiş prokurorluq işçiləri barəsində İdarənin Daxili Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində 4 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılmaqla, onlardan 1-i tutduğu vəzifədən azad edilib, 1-i isə prokurorluq orqanlarından xaric olunub.

Əliyevin sözlərinə görə, 2012-ci ildə Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində yeni fəaliyyət planı müəyyən edilib. Həmin tədbirlərin icrasına başlanılıb.

2011-ci ildə İdarəyə əlavə səlahiyyətlər verilib. 2012-ci il fəaliyyətin möhkəmlənməsi ilə əlamətdar olub. Korrupsiyaya qarşı əməliyyat-axtarış fəaliyyəti inkişaf etdirilib, kadr potensialı gücləndirilib.

Hesabat dövründə korrupsiya cinayətlərinə görə axtarışda olan 21 nəfər tutularaq təhvil verilib. Daha 20 nəfərin yeri müəyyən edilib, onların başqa ölkələrdən Azərbaycana ekstradisiyası və təhvil verilməsi istiqamətində işlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti