...

DİN polislərə qarşı zor tətbiq edilməsi ilə bağlı faktların ictimailəşməsinə münasibət bildirib

Cəmiyyət Materials 5 Mart 2013 15:13 (UTC +04:00)
Hətta ən demokratik və inkişaf etmiş dövlətlərdə də vətəndaşların polisə müqavimət göstərməsi, tabe olmaması kimi hallar baş verir. Azərbaycanda isə bu cür faktlara çox nadir hallarda rast gəlinir.
DİN polislərə qarşı zor tətbiq edilməsi ilə bağlı faktların ictimailəşməsinə münasibət bildirib

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/

Hətta ən demokratik və inkişaf etmiş dövlətlərdə də vətəndaşların polisə müqavimət göstərməsi, tabe olmaması kimi hallar baş verir. Azərbaycanda isə bu cür faktlara çox nadir hallarda rast gəlinir.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini, polis polkovniki Ehsan Zahidov son zamanlar bəzi vətəndaşların, xüsusən də sürücülərin yol polislərinə tabe olmaması və hətta polisə zor tətbiq etmələri ilə bağlı baş verən hadisələrin ictimailəşməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda ayrı-ayrı hallarda polis əməkdaşlarına qarşı haradasa müəyyən müqavimət qeydə alına bilər. Məsələn, ola bilər ki, qaydaların sərtləşdirilməsindən sonra polisin yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı barışmaz movqe tutmasını bəzi sürücülər qəbul etmək istəməsinlər.

"Bəzi radikal müxalifət mətbuatı bunu kütləvi hal kimi qələmə verməyə çalışır. Yəni bir sürücü bir DYP işçisinə qarşı bir az müqavimət göstərən kimi hay-küy salırlar ki, guya vətəndaşların polisə müqaviməti başlayıb. Amma onlar bilməlidir ki, bu cür uydurma yazılarla Azərbaycan vətəndaşının öz polisinə olan böyük inamını və dərin hörmətini zədələyə, Azərbaycan polisini qanunla müəyyən olunmuş vəzifəsinin icrasından yayındıra bilməzlər", - Zahidov bəyan edib.

DİN sözçüsü qeyd edib ki, hazırda Azərbaycanda polis-vətəndaş münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

"DİN bu mövqedədir ki, Azərbaycanda ümumən xalqımız öz polisinə böyük etimad göstərir, güvənir, inanır və həmişə də onu dəstəkləyir. Cinayətkarlığa qarşı mübarizədə vətəndaşların polisə dəstəyi, köməyi danılmazdır. Vətəndaş polisə etibar edib güvəndiyi kimi, polis əməkdaşları da çalışırlar ki, vətəndaşların onlara olan inam və etibarını öz fəaliyyətləri ilə doğrultsunlar. Şükürlər olsun ki, bu da öz müsbət nəticəsini göstərir", - rəis müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti