Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/
Bəzi məntəqə tipli cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarının yataqxanalarındakı vəziyyət qeyri-qənaətbəxş kimi qiymətləndirilib. Bu barədə Trend-ə Ombudsman Aparatından bildiriblər.
Məlumata əsasən, hazırda İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmi (MPM) çərçivəsində Ombudsman Aparatının Milli Preventiv Qrupu Azərbaycandakı məntəqə tipli cəzaçəkmə müəssisələrində yoxlamalar aparır.
MPQ-nin başçəkmələri zamanı bəzi cərimə təcridxalarının yataqxanalarındakı vəziyyət qeyri-qənaətbəxş kimi qiymətləndirilib. Ona görə də bir çox müəssisələrdə cərimə təcridxanalarında şəraitin təkmilləşdirilməsi məqsədilə təkliflər irəli sürülüb.
Qeyd edək ki, Azərbaycanda 14 məntəqə tipli cəzaçəkmə müəssisəsi var. Milli Prevetiv Qrupun müraciətlərindən sonra onların bəzilərində artıq şərait nisbətən yaxşılaşdırılıb.
Xatırladaq ki, otən il Ədliyyə Nazirliyi yanında İctimai Komitə ilə Ombudsman Aparatının MPM-i 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində birgə monitorinq aparılmış və monitorinqin nəticələrinə əsasən, həmin müəssisənin rəisi ədliyyə orqanlarından xaric edilmişdi.