Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm çərçivəsində ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri bir sıra psixiatriya xəstəxanalarında yoxlamalar apararkən bəzi nöqsanlar aşkar ediblər. Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Qrupun üzvləri ekspert qismində cəlb edilən həkimin iştirakı ilə xəstələrin saxlanma şəraiti, müalicə prosesi və onlarla rəftar məsələləri ilə tanış olublar. Onlar psixiatriya müəssisələrində olarkən psixonevroloji xəstələrin istismar, zorakılıq, sui-istifadə, təhqiredici rəftardan qorunmasının zəruriliyini və cəmiyyətin onlara dəstək verməsinin vacibliyini bildiriblər.
Artıq MPM-in, eləcə də Avropa İşgənlər Komitəsinin tövsiyələri nəticəsində Maştağada 1 saylı Respublika Psixiatriya Xəstəxanasındakı 1-2 korpus istisna olmaqla bütün korpuslar Avropa standartlarına tam uyğunlaşdırılıb. Digər korpuslardakı nöqsanlar da bu il tam aradan qaldırılıcaq.
Bundan əlavə, Qazax rayonlararası ruhi xəstəxanasına başçəkmələrdən sonra MPQ-nin oranın şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələri olub. Çünki xəstəxanın şəraiti qrupun üzvlərini heç də qane etməyib. Xəstəxanadan bildiriblər ki, bu məsələ plana salınıb və yaxın vaxtlarda həllini tapacaq. Belə ki, xəstəxanada qadınlar üçün saxlanma yeri normal olsa da, kişilər olan hissədə narahatlığa səbəb olan hallar qeydə alınıb. Eyni zamanda, yeməyin qrafikinin hər həftə dəyişdirilməsi tövsiyə olunub və bu məsələ artıq həllini tapıb, eləcə də müəssisədə yeni qazanxana tikilərək işə salınıb.
Kürdəmirdə rayonlarası psixiatriya xəstəxanasında isə şərait normal olsa da, orada həkim çatışmazlığı narahatlıq doğurub.
Qubada rayonlararası psixiatriya xəstəxanasına başçəkmə zamanı oradakı çatışmazlıqlar da bağlı müəyyən tövsiyələr verilib və onlar da müsbət qarşılanıb.
Hazırda Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin xüsusi korpusunda yoxlamalar həyata keçirilir.
Qeyd edək ki, yoxlama tipli başçəkmələr mütəmadi xarakter daşıyır və digər psixiatriya müəssisələrində də davam etdiriləcək. Ümumilikdə İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmi çərçivəsində pmbudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupu psixiatriya xəstəxanaları və narkoloji dispanser də daxil olmaqla Səhiyyə Nazirliyinin 18 müəssisəsinə başçəkmələr həyata keçirəcək.