...

Masazırda sürüşmə sahəsi genişlənib

Cəmiyyət Materials 27 Mart 2013 10:12 (UTC +04:00)
Abşeron rayonunun Mazazır qəsəbəsində sürüşmə sahəsi martın 25-i ilə müqayisədə martın 26-da 10 sm genişlənib.
Masazırda sürüşmə sahəsi genişlənib

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Abşeron rayonunun Masazır qəsəbəsində sürüşmə sahəsi martın 26-da martın 25-i ilə müqayisədə 10 sm genişlənib. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, ərazidəki bir ev daha təhlükəli vəziyyətdədir. Həmin evin sakinləri evdən köçürülüblər.

Əmiraslanov bildirib ki, Masazırdakı sürüşmə sahəsində sürüşmə prosesi ilk dəfə 2011-ci ildə baş verib. Həmin vaxt təkliflər hazırlanaraq müəyyən tədbirlər həyata keçirilib.

"Həmin tədbirlərin sırasına bənd işləri, istinad divarının tikilməsi daxildir. Ancaq ərazidə kanalizasiya şəbəkəsinin olmamaması istər-istəməz aktivləşməyə səbəb olur",-nazirlik rəsmisi əlavə edib.

O qeyd edib ki, Lənkəran-Lerik avtomobil yolunun 17-19 kilometrində sürüşmə və ucqun sahələrində aktivləşmə müşahidə edilir. Martın 18-dən ərazidə ucqun prosesləri müşahidə edilir. Yolun həmin hissəsində bir necə gün əvvəl avtomobillərin hərəkəti dayandırılsa da, artıq hərəkət bərpa edilib.

Ölkənin digər avtomobil yollarında isə qismən, yəni cüzi aktivləşmə müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti