...

Qlobal Fond malyariya proqramı üzrə Azərbaycanla əməkdaşlığını gələn ildən dayandıracaq

Cəmiyyət Materials 1 May 2013 11:59 (UTC +04:00)
İİV, Malyariya və Vərəm üzrə Qlobal Fond azərbaycanın Səhiyyə Nazirliyi (SN) ilə malyariya proqramı üzrə əməkdaşlığını gələn ildən dayandıracaq.
Qlobal Fond malyariya proqramı üzrə  Azərbaycanla əməkdaşlığını gələn ildən dayandıracaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

İİV, Malyariya və Vərəm üzrə Qlobal Fond Azərbaycanın Səhiyyə Nazirliyi (SN) ilə malyariya proqramı üzrə əməkdaşlığını gələn ildən dayandıracaq. Bunu çərşənbə günü Trend-ə Səhiyyə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərən Səhiyyə sahəsində beynəlxalq layihələr üzrə ölkə əlaqələndirmə komissiyasının sədr müavini Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, gələn ildən Azərbaycanda malyariya ilə mübarizə sahəsində bütün işlər tamamilə SN tərəfindən davam etdiriləcək.

Məmmədov qeyd edib ki, Azərbaycanın Qlobal Fondla birgə reallaşdırdığı malyariya layihəsi bu ilin sonunda başa çatır. Azərbaycanın fonda malyariya üzrə yeni layihənin icrasına dair təklif göndərməsinə baxmayaraq, bu gün buna ehtiyac duyulmur.

Məmmədovun bildirdiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən layihənin son qiymətləndirilməsi aparılarkən Azərbaycanın qarşıya qoyulan bütün hədəflərə artıq nail olduğu məlum olub. Belə nəticəyə gəlinib ki, SN-nin maliyyə imkanları ölkədə həm malyariyanın tam ləğvinə nail olmağa, həm də indiyədək malyariya ilə mübarizə sahəsində aparılan işləri davam etdirməyə çatır.

"Artıq beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın malyariyanın ləğvinə nail olacağına dair heç bir şübhə yoxdur. Qlobal Fond da Azərbaycanın malyariyanın ləğvinə hazır olduğunu və bu işlərin ölkənin öz imkanları hesabına aparıldığını nəzərə alaraq, gələn ildən malyariya üzrə birgə əməkdaşlığı dayandırır. Ancaq fond vərəm, İİV-lə mübarizə proqramı çərçivəsində SN ilə birgə əməkdaşlığını davam etdirəcək",-komissiyanın sədr müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti