...

Azərbaycanda elmi araşdırma aparanların orta yaşı gəncləşəcək

Cəmiyyət Materials 6 May 2013 17:08 (UTC +04:00)
Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı Trend-ə bildirib ki, "Elm haqqında" yeni qanun qəbul olunandan sonra doktorantura və magistraturada əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi buna şərait yaradacaq.
Azərbaycanda elmi araşdırma aparanların orta yaşı gəncləşəcək

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda elmi araşdırma aparanların orta yaşı gəncləşəcək.

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı Trend-ə bildirib ki, "Elm haqqında" yeni qanun qəbul olunandan sonra doktorantura və magistraturada əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi buna şərait yaradacaq.

"Qanunun qəbulunun Azərbaycan elminin inkişafında yeni bir səhifə açacağına ümid edirəm. Çünki elmimizə sağlam rəqabət gəlməlidir", - Qasımlı deyib.

O vurğulayıb ki, konseptual baxımdan qanun layihəsinin qəbulu vacibdir.

"Magistrlərin təhsil müddətində hərbi xidmətdən möhlət hüququnun nəzərdə tutulması müsbət haldır. Bu, elmə olan marağı artıracaq, təhsilin keyfiyyətini yüksəldəcək, tədris prosesində olan boşluqları aradan qaldıracaq", - Qasımlı deyib.

O, həmçinin bildirib ki, qanun layihəsində alimlərin sosial məsələlərinin həlli də nəzərdə tutulub.

Qeyd edək ki, Milli Məclisdə hazırlanmış "Elm haqqında" qanunun "Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı" maddəsinə qeyd olunur ki, dövlət təhsilinin fasiləsizliyi prinsipinə uyğun olaraq, elm və təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ təmin edilir.

Qanun layihəsinin yaxın müddətdə Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti