...

"İctimai-milli faydası bilinməyən və Alpinizm federasiyasını ələ keçirən bir qrupu milli-ekoloji dəyərlər, dağlar, ələlxüsus da idman zərrə qədər maraqlandırmır"

Cəmiyyət Materials 14 May 2013 18:52 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar “Heydər zirvəsi”nə təşkil olunmuş və yüzlərlə şəxsin qatıldığı kütləvi yürüş başa çatıb.
"İctimai-milli faydası bilinməyən və Alpinizm federasiyasını ələ keçirən bir qrupu milli-ekoloji dəyərlər, dağlar, ələlxüsus da idman zərrə qədər maraqlandırmır"

Azərbaycan, Bakı, 14 may /Trend/

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar "Heydər zirvəsi"nə təşkil olunmuş və yüzlərlə şəxsin qatıldığı kütləvi yürüş başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadovun sözlərinə görə, ümumiyyətlə yüksək dağlıq ərazilərə, zirvələrə yürüş etmək istəyənlərin sayı ilbəil artır, Ulu Öndərin 90 illiyi ilə bağlı "Heydər zirvəsi"nə yürüş etmək üçün müraciət edənlərin sayı isə bu il əvvəlki illərlə müqayisədə dəfələrlə çox olub.

- Məlumdur ki, yüksək dağlıq ərazilərin əksəriyyəti milli parkların ərazisinə aid olduğundan yürüş və ya səyahət etmək üçün icazələr sizin Departamentdən alınır. Zirvələrə artan maraq nə ilə izah olunur?

- Bu il say çoxluğu ondan irəli gəlir ki, Ulu Öndərin 90 illik yubileyi ilə bağlı onun əziz xatirəsini yad etmək üçün bu zirvəyə qalxmaq arzusunda olanlar kifayət qədər olmuşdur; həm də hazırda Şahdağ Milli Parkının mühafizə zonasında olan yüksəkliklərdə, yürüş marşrutlarında sözün həqiqi mənasında ideal şərait, nizam-intizam yaradılmışdır. Eyni zamanda əvvəlki illərdə bəzi dırnaqarası dağçıların yaratdığı xaos, özbaşınalıq ETSN-nin səyləri nəticəsində tam aradan qaldırılmış, dağlarımız qanun-qaydalarımıza məhəl qoymayaraq bu yüksəklikləri öz monopoliyasında saxlamaq istəyən "alpinist"lərin demək olar ki, cəngindən azad edilmiş, sözün əsl mənasında onların illərlə tökdüyü məişət tullantılarından təmizlənmişdir. İndi hər bir hərəkət qanunlardan irəli gələn qaydalar çərçivəsində tənzimləndiyindən, giriş-çıxış mərkəzləşdirilmiş qaydada idarə olunduğundan və təhlükə riski minimuma endirildiyindən dağlarmıza səyahət və yürüş etmək istəyənlərin sayı artıb.

- Yüzlərlə müraciəti təmin edib, təşkilati baxımdan yürüşü hazırlamaq elə də asan görünmür...

- Çoxlu sayda təşkilati tədbirləri həyata keçirmək, müvafiq əraziləri və yürüş iştirakçılarını təchizatlandırmaq, ən əsası isə çətin relyef və iqlım şəraitinə malik olan ərazilərdə insanların təhlükəsizliyinin təmin olunmasını və risklərin minimuma endirilməsini vacib şərt kimi qarşıya qoyduğumuzdan hazırlıqlara bir ay əvvəldən başlamışdıq. Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman Nazirliklərinin birgə Əmrinə əsasən yürüşün Əsasnaməsi təsdiq olunmuş, konkret marşrut üzrə yürüş təqvimi və qrafik hazırlanmışdı. Bütün yürüş iştirakçıları Şahdağ Milli Parkının yüksək dağlıq ərazilərinə daxil olmaq üçün nəzərdə tutulmuş birdəfəlik giriş haqqından azad edilmişdi. Marşrutboyu işarəedici bayraqlar sancılmış, düşərgələr salınmış, hətta ehtiyac duyulan məsafələrə nəqliyyat xidməti də təşkil edilmiş və həkim briqadası cəlb olunmuşdu. Bu tədbirin bilavasitə iştirakçılarından biri kimi də əminliklə deyə bilərəm ki, yürüş təşkilati cəhətdən yüksək səviyyədə baş tutmuşdur.

- Təxminən nə qədər müraciət qeydə alınıb?

- Bu il müxtəlif idman klublarından, Milli Təhlükəsizlik, Ədliyyə, Müdafiə Nazirliklərindən, o cümlədən müxtəlif təşkilatlardan, idarə və müəssisələrdən demək olar ki, rekord sayda-400-dən artıq müraciət daxil olmuşdu. Bütün müraciətlər vaxtında cavablandırılmış, mövcud qaydalar çərçivəsində hər kəsə icazə verilmişdir.

- Hətta adları "qara siyahı"da olanlara, yəni əvvəllər qaydaları pozmuş şəxslərə də?

- Qara siyahı məsələsini ajiotaj yaratmaq məqsədi ilə tez-tez gündəmə gətirənlərin yenə nəzərinə çatdırıram ki, bəli bu, məhdudiyyət xarakteri daşıyır və hər kəs bundan sonra qaydaları pozmamaq barədə yazılı iltizam verərsə, nə qədər ki bu iltizama sədaqət göstərir, adı siyahıdan çıxarılır. Yeri gəlmişkən, deyim ki, bir qrup şəxs var ki, bilərəkdən sadə prosedurlara əməl etmək istəmir, qayda-qanunları vecinə almır, yenə də dağlarda özbaşınalıq etmək istəyir. Bu və digər məqsədlərlə ara qarışdırmaq üçün haray salırlar ki, guya dağlara qalxmaq üçün bizim tərəfimizdən onlara maneə yaradılır. Bu əsassız iddialara birdəfəlik son qoyulması məqsədilə əvvəlcədən bu şəxslərin də nəzərinə çatdırıldı ki, qaydalar çərçivəsində müraciət edib yürüşə qatıla bilərlər və bütün yürüşçülərə edilən güzəştlər onlara da şamil olunacaq. Adları "qara siyahı"da olanlar da səhvlərini səmimi etiraf edib, iltizam yazmaqla dağlara qalxa bilərlər. Bunun nəticəsi olaraq həmişə əsassız etirazçıların tərəfində dayanan və adları "qara siyahı"da olan 5 nəfər yürüşə qatılmaq məramını izah edərək, yazılı surətdə öz səhvlərini boynuna almaqla adlarını siyahıdan çıxartdırdılar. Yəni dediyiniz kimi özlərində cəsarət tapıb səhvlərini etiraf etdiklərinə və anlaşma göstərdiklərinə görə adı "qara siyahı"da olanlara - Yana Maşkova, Emin Məmmədov, Samirə Kaçetova, Nadejda Manuilova və Andrey Kupriyanova Şahdağ Milli Parkına daxil olmağa icazə verildi. Onlardan bəziləri bu imkandan artıq istifadə də edib "Heydər zirvəsi"nə təşkil olunan yürüşə qoşulmuşlar.

- Bəs, sizin onlara maneə yaratdığınızı iddia edən digər qruplar necə, onlar da müraciət etdimi?

- Əslində yuxarıda adları çəkilən şəxslərin özləri də sosial şəbəkələrdə əsassız, müəyyən mənada şovinizm nümayiş etdirənlərdən idi. İndi gördülər ki, problem özlərində olub. Başqa qrup da müraciət etmişdi, indi mənə məlum olur ki, onların müraciəti konstruktiv əməkdaşlığa deyil, sadəcə yenidən ara qatmağa hesablanıbmış. Dəqiq arqumentlərlə fikrimi təsdiqləyim: özlərini alpinizm adlandıran qrupun başında dayananlardan biri, Alpinist-Turist klubunun rəhbəri Saridan Mursaqulovun imzası ilə 18 aprel 2013-cü il tarixində 44 nəfərin yürüşə qatılması üçün ETSN-yə müraciət daxil olub və 25 aprel 2013-cü il tarixində bu müraciətə tərəfimizdən müsbət cavab verilib. Onlara bildirilib ki, bütün çoxsaylı qruplara yürüş müddəti 2 gün hesablandığı halda, sizə 3 gün, mayın 6-dan 8-dək, müəyyən edilmiş ümumi marşrut üzrə Şahdağ Milli Parkına giriş və hərəkət etmək üçün icazə verilir. Lakin sonradan məlum oldu ki, nə Mursaqulovun özü, nə də təqdim etdiyi siyahıda olan şəxslərin heç biri yürüşdə iştirak etməyib.

Hesab edirəm ki, tədbirin yüksək məramını dərk edərək yaradılan imkandan istifadə edərək (ödənişsiz giriş hüququ da daxil) yürüşə qatılmaq əvəzinə onun boykot edilməsi əsl məramları üzə çıxarır. Bu adamlar Ulu Öndərin adından istifadə edib, provokasiya yaratmaqdan da çəkinmir. Belə düşünməyə tam əsasımız var ki, Nazirliyə yürüş üçün müraciət edərkən S.Mursaqulov və ondan kukla kimi istifadə edənlər ona icazə verilməyəcəyini hesablamış və bundan istifadə edərək ETSN-nin ünvanına növbəti qara piar kampaniyasına başlamağa öz əvvəldən yazılmış cızma-qaraları ilə hazır idilər. Lakin onların hesabı düz çıxmadı. Və nəticədə əvvəlcədən hazırlanmış cızma-qara bəyanatın az tanınan bir saytda işıq üzü görməsi daha da məntiqsiz görünür. Bu anonim və məntiqsiz cızma-qara bunların qarın davası, xəstə ambisiya davası etdiklərini, normal dağçıların onlara dəstək vermədiyini göstərir.

- Belə bir versiya da deyilir ki, sosial şəbəkələrdə müəyyən alpinistlər tərəfindən Şahdağ Milli Parkının zibillənmiş ərazilərinin fotoşəkilləri yerləşdirildikdən və müzakirələr aparıldıqdan sonra onların Nazirliyə qarşı "qara piar" aparması əsas gətirilərək həmin şəxslərin dağlara buraxılmaması qərara alınıb...

- Şüurlu, məqsədli ağ yalandır, hər şey yalan üzərində qurulub. Bu versiyanı səsləndirənlər alpinizm adlı federasiyanı ələ keçirmiş şəxslərdir. Apardıqları şər-şantaj kampaniyası çərçivəsində özlərinə vurğun, ölkə maraqlarına, o cümlədən idman maraqlarına ən azı biganə, əslində düşmən kəsilmiş bu kəslər rus dilli (!!!) sosial şəbəkədə Nazirliyin idarəçiliyində olan sahələrə aid olmayan çirkləndirilmiş təbiət ərazilərinin şəkillərini göstərərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı qarayaxma kampaniyası aparırlar. Nədən indi? Bununla bağlı mən Şahdağ Milli Parkının direktoruna tapşırdım ki, yoxlama aparsın. Araşdırma zamanı məlum oldu ki, müzakirələrdə adı çəkilən və foto mənsubiyyəti ehtimal olunan ərazilər Milli Parkdan ən azı 5 km uzaqda yerləşən Afurca və Zindan-Muruq kəndlərinin ərazisində yerləşən bələdiyyə torpaqlarıdır və Afurca kəndinin kənarının zibilliyidir. Şahdağ Milli Parkının direktorunun təqdimatı ilə bələdiyyə cərimələndi.

Xüsusi mühafizə statusu olan yüksək dağlıq ərazilərdə aparılan araşdırma isə onu sübuta yetirdi ki, ərazilərdə hazırda rast gəlinən tullantılar tarix etibarilə 5-10 il və daha əvvəlki dövrə təsadüf edir və bu tullantılar (əsasən araq şüşələri, donuz konserv qabları və s) məhz indi haray qaldıran "təbiətsevər alpinistlər"dən Milli Parklara miras qalmışdır. Bəs bunlar bu zibilləri 5-10 il bundan əvvəl dağlarda hara gəldi atanda niyə fikirləşmirdilər ki bu yaxşı hal deyil?

Çünki bunları dağların təmizliyi heç vaxt narahat etməyib. Ekologiya indi ona görə yada düşüb ki, bunların kiçik qrupda inhisarçı həyatına FAİREX son qoyub. Sürətlə minlərlə azərbaycanlı bu idmana gəlməyə başlayıb, çünki bu federasiyanın rəhbəri Ekologiya və Təbii Sərvətlər Naziridir. Əgər o Rabitə və ya Mədəniyyət Naziri olsaydı, yəqin telefon və ya kinoteatrlara hücum edərdilər. Qara piar üçün bütün vasitələr yaxşıdır.

Bunların demək olar ki, heç biri heç Azərbaycan dilini bilmir.

Qarayaxma ilə məşğul olduqları sosial şəbəkədə iştirakçıların 90 %-i Rusiyada yaşayan və Rusiyanın vətəndaşları olan şəxslərdir. 5-6%-i Azərbaycanda yaşayanlardır. Bunların da əksəriyyəti Azərbaycanda doğulub uzun illər burada yaşamasına baxmayaraq Azərbaycan dilini bilmir. Görəsən nədən? Axı indiki zamanda ölkənin dilini bilmək üçün səy göstərməlisən, bunu qərb ölkələrindən gələn əcnəbilərin təcrübəsi də təsdiq edir, bir-iki il burada yaşayan ingilis artıq Azərbaycan dilində danışmağa başlayır. Qarayaxmanı da sovet dövrünün ənənələrinə uyğun aparırlar. Şahdağ Milli Parkının direktoru tapşırığımla bu sosial şəbəkəyə girərək oradakılara şəkillərlə, xəritələrlə izah verdi, onların səhv etdiklərini diqqətlərinə çatdırdı (əslində aydın idi ki, səhv etmirlər, məqsədli qarayaxmadır). Cavabında üzrxahlıq, minnətdarlıq etmək əvəzinə ki bunların narahatçılığı eşidildi,araşdırıldı onu yaxşı-yaxşı söydülər. Budurmu özlərindən başqa heç kimi sevməyən, hətta indiyədək də bizlərə müstəmləkə gözü ilə baxanların davranış mədəniyyəti?

Bununla bağlı həmin qrupu yaradan və hazırda Rusiyada bizneslə məşğul olan İsrafil Aşurlu Nazirliyə dəvət olunaraq ona sözügedən ərazinin Milli Parka deyil, Afurca və digər kəndə aid olması ona da bildirildi. Şəxsən mənimlə təklikdə söhbət zamanı o, Nazirlik tərəfindən görülən tədbirlərdən razı qaldığını dedi və söz verdi ki, həmin qrupun administratoru kimi sosial qrupda Nazirliyin gördüyü tədbirlərə görə münasibət bildirəcək və yol verilən səhvə görə üzr istəyəcək. Amma sonradan onun yalan danışdığı aydın oldu. Həmin qrupda söyüş kampaniyası daha da gücləndi. Mövqeyimizi sosial şəbəkədə səsləndirən Şahdağ Milli Parkının direktoru isə həmin qrupdan çıxarıldı. Bu azmış kimi, bizim susmağımızdan istifadə edərək, o mətbuatda Nazirliyi senzura tətbiqi cəhdində utanmadan ittiham etdi.

Gördüyünüz kimi situasiya çox sadə və aydındır. Yumşaq desək, həyasızlığın dərəcəsinə baxın ki, insanları çaş-baş salmağa, aldatmağa cəhd göstərənlərə təmkinlə izahat verilir, əvəzində isə söyüş eşidilir. Üstəlik düşdükləri belə bir vəziyyətdən utanmaq əvəzinə, yenə də yalançı iddialarını həyasızcasına əllərində bayraq edib, öz natəmiz təbliğatlarını aparmaqda davam etmək istəyirlər.

Bu çirkin təbliğatları zamanı milli parklara giriş qaydalarının sərtləşdirilməsi ilə bağlı bizi inhisarçılıqda günahlandıran şəxslərin hər şeydən əvvəl qanunlardan xəbərləri yoxdur, görünür həm dili bilmədikləri üçün oxuya bilmirlər, həm də bu ölkənin qanunlarını ciddiyə almırlar. Çünki, "Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri haqqında" Qanuna və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Milli parkların ümumi Əsasnaməsi"nə görə milli parkların ərazisində xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunur və bu rejim daxilində tənzimetmə həyata keçirilir. Hətta ETSN-ni tənqid edən müstəqil ekoloqlar və QHT-lər də bizim xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı siyasətimizi müdafiə edir, "alpinist fədai"lərin ünvanımıza söylədiklərini absurd adlandırırlar. Bir sözlə, əleyhimizə kampaniya aparan adamların öz evləri Qanunla necə toxunulmazdırsa, Qanunun tələbi ilə milli parklar da oradakı vəhşi həyatın evidir və toxunulmazdır, onun qapıları yalnız özünü Qanunun tələblərinə uyğun apara bilən "qonaqların" üzünə açıqdır.

Dünyada Milli Parklarda giriş rüsumlarının az alındığı barədə də Mursaqulov və onun bir neçə həmfikiri yalanlar yayır. Onların diqqətinə çatdırırıq ki, dünyanın bir çox Milli Parklarında giriş haqqı 500-700-1000 dollardan yuxarı təşkil edir. Məsələn, Klimancaroda 750, Denalidə 1250, Akankaquada isə 500 dollar ödəniş etmək lazımdır. Şahdağ Milli Parkında isə bu məbləğ cəmi 26 manat təşkil edir.

Mursaqulov və onun ipləri ilə oynayanlar gözlərini yumub ağıllarına nə gəlir deyirlər və məsulliyyət daşımırlar. Qəzetlərin birində yazırlar ki, guya Milli Park bir federasiyaya açıq, digərinə bağlıdır. Bunu yazan qəzeti həqiqət maraqlandırırsa, gərək mənə müraciət edəydi. Bildirirəm ki, təkcə 2012-ci ildə FAİREX öz idmançılarının Milli Parka daxil olması üçün 5000 manatdan çox vəsait köçürüb, yəni hamı kimi FAİREX- də qaydalara tabedir və marşrutdan kənara çıxmayıb. Yekə-yekə idmanın inkişafından danışırsınız, amma reallıqda heç bir iş görmürsünüz, heç olmasa öz üzvlərinizin Milli Parka giriş haqqını öz üzərinizə götürərdiniz, necə ki FAİREX edib! Etmirsiniz, bu öz işinizdir, daha yalan niyə danışırsınız?

Belə olan halda adları qeyd olunan şəxslərin həqiqəti əks etdirməyən, əslində ağ yalan üzərində qurulmuş fəaliyyətini "qara piar" kampaniyası kimi qiymətləndirməyə tam əsasım var.

- Yəni açıq-açığına qarayaxma kampaniyasıdır?

- Əlbəttə belədir. Olmayan, fakta söykənməyən məsələləri ortaya atmaq yalnız bu cür qiymətləndirilməlidir. Elə götürək son tədbiri. 400-ə yaxın Azərbaycan gənci "Heydər Zirvəsi"nə qalxdı. Bəziləri üçün bu ilk zirvə idi. Bunlara necə qısqanmaq olar. Bu adamlar axı Bağırovun qohumları deyil, bizim vətəndaşlarımızdır. Bunu təşkil edənlərin fonunda zəif görünürsünüzsə, bunun ictimai maraqlara nə aidiyyəti var? Bu qədər görülən işin müqabilində pozitiv heç nə görməmək? Qarayaxma və paxıllıq bu deyil, onda bəs nədir?

- Qayıdaq söhbətimizin əvvəlinə, ümumiyyətlə müraciət edənlərin hamısı tədbirdə iştirak edibmi?

- Bütün yuxarıda adlarını çəkdiyim nazirliklərin, idarə və təşkilatların, idman klublarının nümayəndələri dəyişkən hava şəraitinə, yüksək dağlıq ərazilərdə bu ərəfədə hətta qar yağmasına baxmayaraq yürüşdə iştirak etdilər.

Lakin bir daha qeyd edirəm ki, bütün müraciətlərə, edilən güzəştlərə baxmayaraq yalnız özünü Alpinizm Federasiyası adlandıran bir qrup məqsədli şəkildə bu tədbirə qatılmadı. Əksinə təşkil edilən ali məramlı aksiyanın mahiyyətinə, məqsədinə kölgə salmaq üçün yenidən özlərinə yaxın olan böhtançı saytda bəyanat adı ilə qarayaxıcı ittihamlara yer verdilər və öz düşünülmüş hərəkətlərinə bəraət qazandırmaq adı ilə sərsəm bəyanatlar verərək yenidən öz şəxsi maraqlarından uzağa gedə bilmədilər. Əlbəttə şəxsən mən onlardan bundan artıq heç nə gözləmirdim.

Heç bir ictimai-milli faydası bilinməyən və alpinizm federasiyasını ələ keçirən bir qrupun məntiqsiz sayıqlamaları elə bir təsəvvür yaradır ki, bu şəxsləri milli-ekoloji dəyərlər, dağlar, ələlxüsus da idman zərrə qədər maraqlandırmır. Bunları minlərlə gəncimizin dağ idmanına cəlb olunması sevindirmir, əksinə əhvallarını tamam pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti