...

Fəxrəddin Veysəlli: Artıq Azərbaycan dilinə ingilis dilindən alınma sözlər daxil olmağa başlayıb

Cəmiyyət Materials 15 May 2013 12:23 (UTC +04:00)
Əvvəllər Azərbaycan dilinə alınma sözlər daha cox rus dilindən götürüldüsə, son illərdə dilimizə ingilis dilindən də alınma sözlər daxil olur.
Fəxrəddin Veysəlli: Artıq Azərbaycan dilinə ingilis dilindən alınma sözlər daxil olmağa başlayıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

Əvvəllər Azərbaycan dilinə alınma sözlər daha cox rus dilindən götürüldüsə, son illərdə dilimizə ingilis dilindən də alınma sözlər daxil olur. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli bildirib.

Onun sözlərinə görə, əvvəllər olduğu kimi, rus dilindən alınma sözlər dilimizə yenə də daxil olur. Belə sözlər rusdilli əhali arasında cox tez-tez istifadə edilir. Son illərdə ingilis dilindən də dilimizə alınma sözlərin daxil olması isə bu dilin hakim dilə çevrilməsi, qloballaşması ilə əlaqədardır. Müasir texnologiyalar üzrə sözlərin əksəriyyəti ingilis dilində olduğu üçün Azərbaycan dilinə də həmin sözlər ingilis dilindən gəlir:

"Ola bilsin ki, ingilislər də nə zamansa həmin sözləri almanlardan, fransızlardan götürüblər. Ancaq artıq həmin sözlər ingilisləşib və ingilis dili vasitəsilə dilimizə daxil olub".

Dünyada təmiz dilin olmadığını deyən dilçi alim bildirib ki, bütün dillərdə, o cümlədən Azərbaycan dilində alınma sözlər var. Ancaq başqa dillərdə, məsələn, ingilis, fransiz, rus, alman dillərində alınma sözlərə loyal münasibət bəslənilir.

Azərbaycan dilinin yeni hazırlanmış orfoqrafiya lüğətinə 105 min sözün daxil edildiyini deyən F.Veysəlli dilimizdəki sözlərin sayının az olması ilə qəti şəkildə razı olmadığını bildirib.

Onun sözlərinə görə, orfoqrafiya lüğəti hazırlanarkən alınma sözlərə bir qədər ehtiyatla yanaşılır:

"Əgər televizor, diktafon, radio sözlərini alınma söz kimi qəbul etmişiksə, biz indi onların qarşılığı kimi yenidən söz ixtira edən deyilik. Bu, heç mümkün də olmaz. Çünki həmin sözlər bu məhsulları istehsal edib bazara çıxaran xalqların dilində yaranıb. Türklər maşını araba kimi qəbul ediblər. Ancaq biz indi maşınlara "dördayaq", "özüqacan", "özüdayanan", "təkərli araba" deyə bilmərik. Çünki maşınların da hər birinin öz adı var. Axı, "Mən bazardan "Mersedes" aldım" əvəzinə, "dördtəkərli araba aldım" deyə bilmərik".

F.Veysəlli bildirib ki, alınma sözlərin alınmasından qaçmaq olmaz. Ancaq həmin sözlərin dilimizdə işlədilməsində müəyyən problemlər var. Buna görə də onları özümüzküləşdirməliyik.

Dilçi alımin sözlərinə görə, rus dilinə alınma söz daxil olduqda o, çins kateqoriyası əsasında, yəni ya qadın, ya kişi, ya da orta cinsə görə uyğunlaşdırır. Azərbaycan dilində cins olmadığı üçün alınma sözləri özümüzküləşdirməli, dilimizin sintaksis, leksik xüsusiyyətlərinə uyğunlaşdırmalıyıq. Məsələn, "metafora" sözü "metafor" kimi verilsə, daha yaxşı olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti