...

DSMF-yə daxil olan sosial sığorta haqlarının həcmi gözləniləndən artıq olub

Cəmiyyət Materials 20 May 2013 11:26 (UTC +04:00)
2013-cü ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 5,1 faiz artıq olub.
DSMF-yə daxil olan sosial sığorta haqlarının həcmi gözləniləndən artıq olub

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

2013-cü ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 5,1 faiz artıq olub.

DSMF-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 874,6 milyon manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 22,6 milyon manat və ya 2,7 faiz çoxdur.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 22,7 milyon manat və ya 5,1 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,9 faiz və ya 56,7 milyon manat artaraq 463,8 milyon manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,8 faizi və ya 295,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 54,8 mln. manat və ya 22,7 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 21,1 faiz və ya 51,5 milyon manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 50,9 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 85,4 faiz artıb.

Bu ilin yanvar-aprel aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 167,9 milyon manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz və ya 5,1 milyon manat artıb.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.Yanvar-aprel aylarında fondun xərcləri 821,9 milyon manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 808,1 milyon manat vəsait yönəldilib. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,1 milyon manat və ya 5,1 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 5 faiz və ya 37,7 milyon manat artaraq 789,5 milyon manat təşkil edib.

İlin ilk 4 ayı ərzində əhaliyə 18,7 milyon manat məbləğində müavinət ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti