...

Azərbaycana idxal olunan avtomobillərə dair yenilik (FOTO)

Cəmiyyət Materials 5 İyun 2013 16:43 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında çərşənbə günü "Gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsinin 4-cü mərhələsinin imzalanma mərasimi keçirilib.
Azərbaycana idxal olunan avtomobillərə dair yenilik (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında çərşənbə günü "Gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsinin 4-cü mərhələsinin imzalanma mərasimi keçirilib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Layihənin məqsədi Azərbaycanın gömrük ərazisində daşınan yüklərin hərəkətinə nəzarət etməkdən ibarətdir. Bu sistem vasitəsilə sərhəd gömrük buraxılış məntəqələrindən ölkə ərazisinə idxal və ya tranzit rejimində daxil olan yük daşıyan avtomobillər xüsusi Mexaniki-Elektron kilidlə (Elektron plomb) bağlanacaq və bu kilidlər GPS sistemi ilə təmin olunduğu üçün yükün təyinat gömrük orqanına çatana qədər nəzarət edilməsinə imkan verəcək.

Sistemin üstünlüyü ondan ibarətdir ki, yükü göndərən gömrük orqanı ilə təyinat gömrük orqanı arasında tranzit yüklərin daşınmasında hərəkət marşrutundan çıxan faktların qarşısı alınacaq, eyni zamanda, bu sistem vasitəsilə ölkə ərazisində gömrük nəzarəti altında yerləşdirilmiş mal və nəqliyyat vasitələri üzrə qaçaqmalçılıq faktlarının qarşısı alınacaq.

İmzalanma mərasimindən əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broeki qəbul edib.

DGK sədri bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə edib, BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Görüşdən sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında "Gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsinin 4-cü mərhələsinin imzalanma mərasimi keçirilib. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti