Azərbaycan, Bakı, 20 iyun /Trend/
Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın növbəti nümunəsi olan "Sosial Müdafiənin İnkişafı Layihəsi" çərçivəsində icra olunmuş "Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) potensialının artırılması" layihəsi başa çatır. İyunun 20-də Bakıda layihənin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aidiyyəti beynəlxalq və yerli qurumların nümayəndələrinin iştirak etdiyi konfransda çıxış edən nazir Fizuli Ələkbərov Dünya Bankı ilə birgə həyata keçirilən "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin öz prioritetləri üzrə respublikanın əmək və sosial müdafiə sistemində müasir və inkişaf edən ölkəyə uyğun səmərəli fəaliyyət modellərinin qurulmasına yönələn islahatyönümlü proseslərə hərtərəfli dəstək verdiyini vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanın fəal beynəlxalq əməkdaşlıq müstəvisində layiqli əmək sahəsində malik olduğu strategiyanın əsas hədəflərindən biri də əmək hüquqları sisteminin və bu hüquqların təminatına dövlət nəzarəti mexanizminin beynəlxalq standartlara uyun təkmilləşdirilməsi, bu sahədə sosial partnyorluğun inkişaf etdirilməsidir.
Son üç ildə icra olunmuş "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması" layihəsi ölkəmizdə əmək hüquqlarına əməl olunmasına daha operativ və sərrast şəkildə dövlət nəzarətinin həyata keçirilməsi üçün maddi-texniki və institusional bazanın məhz beynəlxalq konvensiyalardan irəli gələn prinsiplərə uyğun şəkildə gücləndirilməsində mühüm rol oynayıb.
Tədbirdə bildirilib ki, layihənin icrasının vacib məqamlarından biri kimi, əməyin mühafizəsi sahəsində əməkdaşlığı nəzərdə tutan Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın Əsasnaməsi, habelə onun strukturu, fəaliyyət istiqamətləri və s. barədə müvafiq sənədlər hazırlanıb və 27 yanvar 2012-ci il tarixdə bu Şuranın yaradılması haqqında sosial tərəfdaşlar arasında razılaşma imzalanıb.
Həmçinin, layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən əmək müfəttişləri üçün təlim strategiyası, o cümlədən "Əmək müfəttişləri üçün təlimat" adlı vəsait, Etik Davranış Qaydaları hazırlanıb, onların, eləcə də həmkarlar və işəgötürənlər təşkilatları nümayəndələrinin beynəlxalq səviyyəli təlim və təcrübə səfərləri təşkil edilib, müfəttişlər üçün mobil laboratoriya sisteminin yaradılmasına dəstək verilib. Görülən digər işlərlə yanaşı, DƏMX-nin mərkəzi aparatı və zona idarələri üçün dövlət nəzarətinin operativ şəkildə həyata keçirilməsi məqsədilə ümumilikdə 43 avtonəqliyyat vasitəsi alınıb verilib.
Tədbirdə layihə üzrə görülən işlər ətraflı müzakirə edilib, DƏMX-nin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb və layihə çərçivəsində görülən işlərə dair videoçarx təqdim olunub.