...

Elektron xidmətlər vasitəsilə fərdi şəxsi hesabınızı izləyirsinizmi?

Cəmiyyət Materials 1 İyul 2013 12:47 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.dsmf.gov.az, www.sspf.gov.az) növbəti interaktiv sorğu keçirilib.
Elektron xidmətlər vasitəsilə fərdi şəxsi hesabınızı izləyirsinizmi?

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.dsmf.gov.az, www.sspf.gov.az) növbəti interaktiv sorğu keçirilib. Fondun İctimaiyyətlə əlaqə sektorundan Trend-ə daxil olan məlumata görə, bu dəfəki sorğu zamanı respondentlərə "Elektron xidmətlər vasitəsilə fərdi şəxsi hesabınızı izləyirsinizmi" sualı ünvanlanıb.

Sorğuya qatılanların 58,1 faizi əmək müqaviləsi ilə çalışdığını və fərdi şəxsi hesabını izlədiyini bildirib. Respondentlərin 13,6 faizi suala "Xeyr, əmək müqaviləsi olmadan çalışıram və fərdi hesabıma ödəmələr həyata keçirilmir" cavabını verib. Sorğu iştirakçılarının 28,3 faizi elektron xidmət vasitəsilə fərdi şəxsi hesabın izlənilməsinin mümkünlüyündən məlumatsız olduğunu bildirib.

Sorğunun nəticələri göstərir ki, respondentlərin təxminən 60 faizə yaxını fərdi şəxsi hesabını izləsə də, yerdə qalan 40 faizə yaxın sorğu iştirakçısı ya əmək müqaviləsi ilə çalışmaması, ya da belə bir xidmətin istifadəyə verilməsindən məlumatsız olması səbəbindən öz fərdi hesabını izləmir. Bu isə aparılan maarifləndirmə işlərinə rəğmən hələ də əhalinin müəyyən hissəsinin özünün gələcək sosial təminatına biganə münasibət göstərdiyini deməyə əsas verir. İstənilən əmək müqaviləsi ilə çalışan vətəndaş hər hansı ödəmə həyata keçirmədən, DSMF-nin internet saytında və "Elektron hökumət" portalında (www.e-gov.az) yerləşdirilən istifadə qaydalarına uyğun olaraq qeydiyyatdan keçib öz fərdi hesabının daimi izləyicisinə çevrilə bilər. Fərdi hesabın izlənilməsini mümkün edən "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidməti vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malikdir. Xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən icbari dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti