...

Srebrenisa qətliamının ildönümündə Xocalı soyqırımı anıldı (FOTO)

Cəmiyyət Materials 10 İyul 2013 17:52 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Sarayevoda "Soyqırım və etnik təmizləmənin qarşısının alınması" mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Srebrenisa qətliamının ildönümündə Xocalı soyqırımı anıldı (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Sarayevoda "Soyqırım və etnik təmizləmənin qarşısının alınması" mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan (DƏ-İKGF) Trend-ə verilən məlumata görə, bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində "Xocalıdan Srebrenisaya: Soyqırım və etnik təmizləmənin qarşısının alınması" adlı beynəlxalq simpozium öz işinə başlayıb.

Simpozium "Xocalıya Ədalət" Beynəlxalq Təblğat və Məlumatlandırma Kampaniyası çərçivəsində, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMISCO tərəfindən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin və TİKA-nın dəstəyi ilə təşkil edilir. Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə salınmış Bosniya və Herseqovina-Azərbaycan dostluq parkındakı Xocalı və Srebrenisa qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Avropanın 15-dən artıq ölkəsini təmsil edən nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri, Bosniya ictimayyəti və burada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirakı ilə keçirilən simpoziumdan əvvəl tədbir iştirakçıları DQİDK sədri E.İskəndərov və Noviqrad şəhərinin meri Semir Efendic tərəfindən Sarayevonun mərkəzindəki Bristol hotelində açılmış "Xocalıdan Srebrenisaya" adlı foto və rəsm sərgisi ilə tanış olublar. Sərgidə rəssam Nazim Məmmədovun Xocalı qətliamını əks etdirən rəsm əsərləri nümayiş etdirilib.

Simpoziumun açılış mərasimində DƏ-İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın iştirakçılara müraciəti oxunub. Müraciətdə Srebrenisa və Xocalı soyqırımları arasındakı oxşarlıq, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən layiqli hüquqi siyasi qiymətini almamasından doğan cəzasızlığın Srebrenisa, Ruanda və s. kimi soyqırım cinayətlərinə rəvac verməsi, cinayətkarların ədalət mühakiməsinə cəlb olunması və bu kimi cinayətlərin təkrarlanmaması üçün birgə fəaliyyətin vacibliyi xüsusilə vurğulanıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və DƏ-İKGF-nin baş katibi Elşad İskəndərov, Avropa Şurası yanında Qeyri-hökumət Təşkilatları Konfransının prezidenti Jan Mari Heydt, Noviqrad şəhərinin meri Semir Efendiç, EMISCO-nun təmsilçisi Veysəl Filiz, TİKA-nın Bosniyadakı koordinatoru Zülküf Oruc çıxış ediblər. Srebrenitsa qətliamının 18-ci ildönümü ərəfəsində keçirilən bu tədbirin əhəmiyyətini vurğulayan natiqlər qeyd ediblər ki, bu kimi tədbirlər zamanı dünyada baş vermiş bütün soyqırım aksıyalarının qurbanlar üçün birgə ədalət tələb edilməsi, beynəlxalq ictimayyət tərəfindən Xocalıda törədilmiş vəhşiliklərə məsul olan canilərin ədalət məhkəməsinə cəlb edilməsi beynəlxalq hüququn qorunması baxımından müstəsna əhəmiyyətə malikdir. Açılış mərasiminin sonunda simpozium istirakçılarına Xocalıya həsr olunmuş və avropalı kinematoqraflar tərəfindən çəkilmiş "Sonu olmayan dəhliz" sənədli filmi nümayiş etdirilib.

XX əsrdə baş verən qətliamlar arasındakı səbəb-nəticə əlaqələrinin ilk dəfə bu qədər kompleks şəkildə təhlil edildiyi simpoziumun ən mühüm cəhəti onun bəşəriyyət tarixində qara ləkə olan soyqırım faktlarının yenidən dəyərləndirilməsi, eləcə də bu kimi təşəbbüslərin qarşısının alınması üçün zəruri olan praktiki mexanizmlərin və nəzəri prinsiplərin müzakirə edildiyi bir platforma olaraq düşünülməsidir. Gün ərzində davam edəcək Simpoziumun sonunda iştirakçılar tərəfindən səsləndirilən fikirlərin sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanması və sənədin beynəlxalq təşkilatlara təqdim olunması nəzərdə tutulub.

Tədbirin nəticəsi olaraq sabah - Srebrenisa soyqırımının ildönümü günündə - "Xocalıdan Srebrenisaya" adlı foto və rəsm sərgisi Sarayevo şəhərinin mərkəzi Marşal Tito meydanında bir həftə boyunca nümayiş etdiriləcək. Tədbir Bosniya və xarici mətbuatda geniş işıqlandırılır.

Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası ("Justice for Khodjaly") 2008-ci il mayın 8-də İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru, Leyla Əliyeva tərəfindən Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq aləm tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədilə təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti