Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Məmmədov/
Bu gün Bakı Apelyasiya Məhkəməsində 10 il əvvəl məşhur iş adamı Knyaz Məmmədovu oğurlayaraq qətlə yetirməkdə ittiham olunan Miryusif Əliyevin apelyasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin günahsız olması və barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apelyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, M.Əliyevin apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, M. Əliyev bacısının əri Ümid Nəsirov və sabiq polis əməkdaşı Rəşad Novruzovla birlikdə məşhur iş adamı K.Məmmədovu oğurlayıblar. Onlar əvvəlcə iş adamının girovluqdan azad edilməsi üçün 250 min manat tələb ediblər. Lakin K.Məmmədov onu oğurlayan şəxsləri tanıdığından pul almaq planı baş tutmayıb.
Qeyd edək ki, 2003-cü ildə R.Novruzov və Ü.Nəsirov yaxalanıblar, M.Əliyev barəsində həmin ildən axtarış elan olunub. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü ildən axtarışda olan, əvvəllər məhkum olunmuş, Bakı şəhərində qeydiyyatda olan M.Əliyev bu ilin martında tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əliyev ömürlük azadlıqdan məhrum edilib.