...

Dövlət Komitəsinin sədri: Zərərli cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2013 12:06 (UTC +04:00)
Sumqayıt şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt-Abşeron bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib.
Dövlət Komitəsinin sədri: Zərərli cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar (FOTO)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt-Abşeron bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans keçirilib.

Trend xəbər verir ki, konfrans dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə təşkil edilib.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Sumqayıtdakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçirilən analoji silsilə tədbirlərin altıncısıdır.

Bu konfransların ölkəmizdəki dövlət-din münasibətlərinə müsbət təsirlərinin olduğunu diqqətə çatdıran Komitə sədri qeyd edib ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Son illərdə milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təmir-bərpa olunan ibadət evləri, ziyarətgahların sayının artdığını bildirib.

E.İskəndərov qeyd edib ki, əsas məqsəd dini maarifləndirmənin gücləndirilməsi və düzgün istiqamətdə inkişaf etdirilməsidir: "Son zamanlar zərərli cərəyanlar din adında istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar. Biz bunu dünyanın müxtəlif ölkələrində görürük. Azərbaycanda bu istiqamətdə problem nəzərəçarpacaq dərəcədə olmasa da, deyə bilmərik ki, biz bundan tam sığortalanmışıq. Amma düzgün dini təbliğat, insanlara dinimizi mükəmməl şəkildə çatdırmaq siz dini icmaların üzərində olan əsas vəzifədir. Odur ki, dini icmalar bu işdə xüsusilə fəallıq göstərməlidirlər."

Dövlət Komitəsinin sədri qeyd edib ki, məscidlərdə imamlar düzgün iş aparmalı, xütbələrində elmi əsaslara söykənməlidirlər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Dövlət Komitəsinin bu təşəbbüsü Azərbaycanda dini maarifləndirmənin gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Ölkəmizdə dini sahəyə olan diqqət və qayğıdan danışan icra başçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıt Cümə məscidinin əsaslı təmir olunması və dindarların istifadəsinə verilməsini xüsusi qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Milli Məclisin üzvü Musa Qasımlı isə çıxışları zamanı ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Onlar din xadimlərinin daim öz üzərlərində işləməli, maariflənməli olduğunu xüsusi vurğulayıblar.

Daha sonra Konfrans plenar iclaslarla öz işini davam etdirib. Plenar iclaslarda "Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı", "Azərbaycanda ənənəvi İslam və xarici təsirlər", "İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti", "Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası", "Vəhdət naminə məzhəblərarası dialoq", "Vətənpərvərlik milli-mənəvi dəyər kimi", "Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu" mövzularında məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, regional konfransda ümumilikdə 150-ə yaxın nümayədə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti