Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/
Masallı və Yardımlı rayonlarının ümumi sayı 250000-dən çox olan sakinləri sentyabrın 22-dək Səyyar "ASAN Xidmət"dən Masallı rayonunda yararlana biləcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dünəndən etibarən səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
Xatırladaq ki, indiyədək Səyyar "ASAN Xidmət" çərçivəsində 12 məntəqədə 22 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar "ASAN Xidmət" in göstərilməsi planlaşdırılır.