...

Asəf Hacıyev: Azərbaycanda təhsil mühitinin dəyişməsinə nail olunacaq və gənclərin xarici ölkələrdə təhsilinə ehtiyac qalmayacaq

Cəmiyyət Materials 11 Sentyabr 2013 13:01 (UTC +04:00)
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı”nın məzunları Azərbaycanda təhsil mühitinin dəyişməsinə səbəb olacaqlar.
Asəf Hacıyev: Azərbaycanda təhsil mühitinin dəyişməsinə nail olunacaq və gənclərin xarici ölkələrdə təhsilinə ehtiyac qalmayacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı"nın məzunları Azərbaycanda təhsil mühitinin dəyişməsinə səbəb olacaqlar. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev ölkə Prezidenti İlham Əliyevin Bərdədə məcburi köçkün ailəsi ilə görüşü zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda ali təhsil səviyyəsinin qaldırılması üçün tələb olunan işlərin bir hissəsi artıq görülüb. Ölkə Prezidentinin sərəncamı ilə hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" həyata keçirilir. Bu proqrama uyğun olaraq, bir necə min gənc xarici ölkənin ali məktəblərində təhsil alacaq.

MM üzvü hesab edir ki, bir müddətdən sonra Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrə getməsi məsələsi öz həllini tapacaq. Onun sözlərinə görə, adıçəkilən proqramın icrası nəticəsində Azərbaycanda təhsil mühitinin dəyişməsinə nail olunacaq. Sonda isə Azərbaycan gənclərinin ali təhsil almaq üçün xarici ölkələrə getməsinə ehtiyac qalmayacaq: "Həmin proqramın məzunları təhsil müddətlərini bitirdikdən, Azərbaycana döndükdən sonra burada mühit təbii ki, dəyişəcək. Bir müddətdən sonra bu məsələ artıq öz həllini tapa bilər. Ona görə də bir müddət dözümlü olmaq lazımdır ki, bu vaxt keçsin, həmin gənclər Azərbaycana gələrək aldıqları bilikləri, gördüklərini Azərbaycana gətirsinlər. Onda da təbii ki, gənclərin xarici ölkələrə getməsinə ehtiyac qalmayacaq. Ancaq şühhəsiz ki, hansısa şəxslər xaricə gedə bilərlər. Bu da normal haldır. Bütün ölkələrin təcrübəsinə nəzər saldıqda, bunu görmək olur".

A.Hacıyev bildirib ki, təhsildə qloballaşma getdiyi üçün inkişaf etmiş ölkələrin təhsilinin səviyyəsi müəyyən bir səviyyəyə gəlib çatıb: "Azərbaycan da bu nəticəni gözləyir".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olan zaman Ağdam rayonundan olan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edib. Dövlət başçısı bu söhbəti zamanı bildirib ki, Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın: "Tədricən biz bu məqsədlərə də çatırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti