...

Penitensiar Xidmət üzrə Amnistiya Qərarının icrasının başa çatması ilə bağlı rəsmi məlumatlar açıqlandı

Cəmiyyət Materials 11 Sentyabr 2013 17:09 (UTC +04:00)
Penitensiar Xidmət üzrə Milli Məclisin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının icrası başa çatdırılıb.
Penitensiar Xidmət üzrə Amnistiya Qərarının icrasının başa çatması ilə bağlı rəsmi məlumatlar açıqlandı

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmət üzrə Milli Məclisin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının icrası başa çatdırılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarının icrası Penitensiar Xidmət üzrə başa çatdırılıb və sentyabrın 6-da Amnistiya Qərarının icrasına yekun vurulub.

Amnistiya Qərarı Penitensiar Xidmət üzrə 2834 nəfər məhkuma tətbiq olunub. Onlardan 679 nəfər cəzaçəkmə müəssisələrindən, 1588 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrindən azad edilib, 567 nəfərin isə cəza müddətləri 6 ay azaldılıb. Azad olunan məhkumlardan 25 nəfəri qadın, 1 nəfəri isə yetkinlik yaşına çatmayan şəxs olub. Amnistiya Qərarı Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, 34 nəfər xarici ölkə vətəndaşlarına da şamil edilib.

Amnistiya Qərarı tətbiq edilərək cəzadan azad edilmiş şəxslərə azad olunma haqqında müvafiq arayışlar təqdim edilib, onlara yardımlar göstərilib, həbs edilənədək daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilib. Azad olunan xarici ölkə vətəndaşları vətəndaşı olduqları dövlətin Azərbaycandakı diplomatik nümayəndəliklərinə təhvil verilib.

Amnistiya Qərarının icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar Xidmət üzrə təşkil edilmiş Komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatı nümayəndələrinin, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə həyata keçirilib, kütləvi informasiya vasitələrində və Penitensiar Xidmətin internet saytında geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti