Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İzzət/
Gəncədə Nəqliyyat Departamenti ilə yol polisi əməkdaşları qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçiriblər.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yoxlamalar zamanı fərqlənmə nişanı almayan və avtomobili nəzərdə tutulmayan yerdə saxlayan xeyli sayda taksi sürücüsünə qarşı qanunamüvafiq qaydada cəza tədbirləri görülüb.
Reyd zamanı məlum olub ki, belə taksi fəaliyyəti ilə məşğul olan sürücülərin əksəriyyəti heç fərqlənmə nişanı da almayıb. Bu və ya digər hallara görə qanunamüvafiq tədbir görüldükdə isə sürücülərlə yol polisləri arasında mübahisə yaranıb.
Taksi sürücülərinin inadkarlığına baxmayaraq, onlara qarşı müvafiq tədbirlər görülüb.
1 saylı Regional Nəqliyyat Departamentinin şöbə müdiri Oqtay Məmmədovun sözlərinə görə, bu cür reydlər qarşıdakı günlərdə də davam etdiriləcək: "Taksi sürücüləri avtomobillərini onlar üçün ayrılan xüsusi yerlərdə, taksi dayanacaqlarında dayandırmalıdırlar. Ancaq taksilər orada dayanmadığı üçün digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədirlər".
Onun sözlərinə görə, Gəncə şəhərinin küçə və prospektlərində hər gün taksi fəaliyyəti ilə məşğul olan saysız-hesabsız sürücülərə rast gəlinir. Hərəkətin intensivliyinin müşahidə olunduğu bir vaxtda taksilərin nəzərdə tutulmayan yerdə saxlanması digər nəqliyyat vasitələri ilə yanaşı, piyadaların hərəkətinə də mane olur. Gəncə şəhərinin küçə və prospektlərində tıxacların yaranmasının başlıca səbəblərindən biri də taksilərin nizamsız düzülüşüdür. Bu üzdən də yol polisləri ilə Nəqliyyat Departamentinin müfəttişləri bu istiqamətdə tədbirləri gücləndiriblər.
Qeyd edək ki, hazırda Gəncədə taksi fəaliyyəti ilə məşğul olan 2000-dən çox sürücü var, lakin ay ərzində onlardan cəmi 450-si fərqlənmə nişanı alır.