...

Kuba adasında türk mənşəli zirvə

Cəmiyyət Materials 1 Oktyabr 2013 11:44 (UTC +04:00)
Dünyada çoxlu sayda dağlar və onların müxtəlif hündürlüyə malik zirvələri var və bu dağların, zirvələrin də bir-birindən fərqlənən, öz xarakter və görünüşlərinə uyğun müxtəlif adları var.
Kuba adasında türk mənşəli zirvə

Geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyev

Dünyada çoxlu sayda dağlar və onların müxtəlif hündürlüyə malik zirvələri var və bu dağların, zirvələrin də bir-birindən fərqlənən, öz xarakter və görünüşlərinə uyğun müxtəlif adları var. Adətən, yer adları, o cümlədən dağ, zirvə adları həmin ərazidə yaşayan və ya vaxtı ilə yaşamış xalqların dilində hansısa mənanı ifadə edir. Məsələn, dünyanın ən hündür zirvəsi olan Comolunqma adının mənası Tibet dilində "Yerin Allah anası" deməkdir. Bu dağın digər adı "Everest" isə onu ilk dəfə 19-cu əsrdə tədqiq etmiş ingilis geodezisti Corc Everestin adı ilə bağlıdır. Və ya Avropanın ən uca dağı sayılan Monblan fransız dilində "ağ dağ" deməkdir. Düzdür, elə adlar var ki, onların mənaları tam bilinmir, hansı dilə, hansı xalqa mənsub olması təxmin edilir, ehtimal olunur. Bunlar çox qədim adlar sayıla bilər, məsələn Qafqaz və ya Ural dağları. Amma bir qisim dağ, zirvə adları da var ki, onların tarixi yaxın keçmişlə bağlıdır, konkret tarixi bir hadisə və ya şəxslə əlaqədardır, məsələn, Pamir dağlarında Qələbə və Lenin pikləri və s. və i.a.

Kuba adasında da dağlar var - Eskambray, Kristal, Sierra-Maestra və s. dağlar. O qədər də hündür deyillər. Sierra-Maestra dağlarının və ümumiyyətlə, bütövlükdə Kuba adasının ən hündür zirvəsi Turkino pikidir, hündürlüyü dəniz səviyyəsindən 1972 metrdir. Bəs, görəsən könlümə yaxın olan, qulağıma xoş səslənən bu "Turkino" sözü nə deməkdir?

Kuba - məşhur mahnıda deyildiyi kimi - uzaq, yaşıl ada, dünyanın cənnətməkan guşələrindən biridir. 1986-1989-cu illərdə SSRİ-nin texniki yardımı çərçivəsində Kuba Respublikasında uzunmüddətli xidməti ezamiyyətdə idim. Məsləhətçi kimi əlvan metal yataqlarının axtarışı və yerli kadrların hazırlanmasında kubalı həmkarlarımıza kömək edirdik.

Dəstəmiz adanın mərkəzi bölgələrində - Kamaquey və Las-Tunas vilayətlərində əsasən filiz - mis, sink, molibden, qızıl və s. metalların axtarışı və kəşfiyyatı işlərini aparırdı. Qızğın işlər gedirdi, yaxşı, maraqlı nəticələr əldə edirdik. Arabir digər bölgələrdə fəaliyyət göstərən geoloji briqadalarla görüşür, alınmış təzə nəticələri birlikdə müzakirə edir və fikir mübadiləsi aparırdıq. Belə görüşlərin biri Kubanın ikinci böyük şəhəri və onun şərq paytaxtı sayılan Santyaqo-de Kubada keçirilirdi.

Santyaqo - adanın cənub-şərqində, Syerra-Maestra dağlarının ətəklərində, Karib dənizinə məxsus kiçik bir buxtanın kənarında yerləşir və Kubanın ən qədim şəhərlərindən biridir. Azadlıq adası tarixinin çox önəmli bir dövrü məhz bu şəhərlə, bu dağlarla bağlıdır. Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro və silahdaşları uzun illər bu dağlarda gizlənərək o dövrkü rejimə qarşı silahlı mübarizəyə qalxmış və ilk dəfə bu şəhərdə qalib gələrək azadlıq bayrağını qərbə - paytaxt Havanaya doğru aparmışlar. Yarım əsrdən çox zaman keçməsinə baxmayaraq, hələ də Syerra-Maestra dağlarının hər yerində Kuba inqilabını və onu həyata keçirmiş cəsur inqilabçıların xatirəsini əks etdirən izlərə rast gəlinir. Yerli əhali onları sevə-sevə qoruyur və fəxrlə qonaqlara göstərirlər.

Syerra-Maestra dağları adanın cənub-şərq sahilinə paralel olaraq, təxminən 250 kilometr məsafədə şərqdən qərbə doğru uzanır. Sinəsi tamamilə tropik meşələrlə örtülmüş bu sıra dağların istənilən nöqtəsindən cənuba - Karib dənizinə tərəf əsrarəngiz bir mənzərə açılır: mavi rəngli səma, tünd yaşıla çalan dəniz, sarımtıl -ağ rəngli, qumlu ensiz sahil və yamyaşıl dağ yamacları. Ümumiyyətlə, Kuba adasının hər guşəsi, o cümlədən Santyaqo-de Kuba vilayəti də turizm üçün gəzməli-görməli və tarixi yerlərlə zəngindir. Şəhərin yaxınlığında yerləşən qədim qəbiristanlıqda XIX əsr Kuba müstəqillik hərəkatının öndəri Xose Martinin 24 metrlik məqbərəsi, Bakanao Milli Parkı və onun ərazisində salınmış məşhur "Mezazoy Parkı" bu kimi məkanlardandır.

Heyran olduğum təbii gözəlliklər, kubalı həmkarlarımın verdiyi olduqca maraqlı tarixi-coğrafi məlumatlar arasında Turkino piki diqqətimi çəkirdi. "Turkino" ispanca nə deməkdir?" - sualıma yerli həmkarlarımın "təxminən göy və ya mavi rəng" demələri məni o qədər də qane etmədi. Düşünürdüm, görəsən, ispanca "turquino" kimi yazılan "turkino" kəlməsinin "türk" sözü ilə nə əlaqəsi ola bilər? Lüğətləri araşdırdım, sən demə, doğrudan da hər iki söz arasında birbaşa, özü də sıx əlaqə varmış! "Turkino" sözünün ispanca mənası "firuzəyi" və ya "tünd mavi" rəng deməkdir. Məlum oldu ki, bütün Şərqdə firuzə kimi tanınan yarımqiymətli daş növünü ispanlar, ingilislər, fransızlar və ümumiyyətlə, bütün avropalılar Türkiyə vasitəsilə tanıdıqlarından ona "turquesa" və ya "turquoise", yəni "türk daşı" və ya "Türkiyədən gətirilmiş daş", bu daşın malik olduğu spesifik mavi-firuzəyi rəngə isə o vaxtdan "turkeza" və ya "turkino" demişlər.

Bəs Turkino zirvəsinin bu rənglə nə əlaqəsi var? Deyilənlərə görə, günün müəyyən vaxtlarında və müəyyən nöqtələrdən baxanda həmin zirvə tünd mavi, firuzəyi rəngdə göründüyündən ona belə ad verilmişdir. Kim verib, nə vaxt verib - o da məlum deyil.

Beləcə, uzaq Kuba adasında ən hündür zirvənin adının mənasını araşdırdım, onun türk mənşəli olması faktı və həm də ucalıqla, yüksəkliklə əlaqədar olması məndə qeyri-ixtiyari bir qürur hissi oyatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti