...

1 saylı cəzaçəkmə müəssisəsində məhkumlara seçkilərlə bağlı təzyiq edilməsi məsələsi araşdırılıb

Cəmiyyət Materials 2 Oktyabr 2013 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində yayılmış Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Hüsaməddin Abbasov və bir neçə digər məhkumun seçkilərdə iştirak etməyəcəkləri barədə fikirlərinə görə işgəncələrə məruz qaldıqları, mütəmadi olaraq cərimə təcridxanasına salındıqları, habelə müəssisənin məscidinin bağlanıığı haqqında məlumatların araşdırılması məqsədi ilə müvəkkilin tapşırığına əsasən, MPQ-nin üzvləri oktyabrın 1-də həmin müəssisədə olublar.

Müraciətdə adları qeyd edilmiş məhkumlar təklikdə qəbul edilib və məsələ yerində araşdırılıb.

Qəbul edilmiş Əlimirzəyev Elçin Cavid oğlu, Əliyev Xəyal Səyahət oğlu, Məmmədəliyev Binəli Məhəmməd oğlu və digərləri ilə bağlı aparılmış araşdırma zamanı müəyyən olunub ki, onlar ayrı-ayrı hallarda müəssisənin daxili intizam qaydalarını pozduqlarına görə cərimə təcridxanasına keçiriliblər.

Onlar cərimə təcridxanasına keçirilmələri ilə bağlı qərarlardan narazı olmadıqlarını, müəssisə əməkdaşları tərəfindən zorakılığa məruz qalmadıqlarını və keçiriləcək seçkilərlə bağlı onlara hər hansı bir təzyiqin olmadığını bildiriblər.

Məhkumların bədənlərinə baxış keçirilib, xəsarət izləri aşkar edilməyib. Bundan əlavə, Abbasov Hüsaməddin Asif oğlu ilə də təkbətək söhbət aparılıb. O, müraciətində göstərdiyi məsələləri yenidən səsləndirib, lakin hazırda cərimə təcridxanasında saxlanılmadığını və özünün zorakılığa məruz qalmadığını bildirib. Onun bədəninə də baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib.

MPQ-nin üzvləri tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, müəssisədə məhkumların ibadəti üçün nəzərdə tutulmuş məscidin fəaliyyəti dayandırılmayıb. Yalnız məscidin arxasında yerləşən otaqda keçirilmiş əməliyyat tədbirləri zamanı qadağan olunmuş əşyalar tapıldığına görə həmin otaq bağlanıb.

Müəssisədə cəza çəkən Fərəməz Novruzoğlu və digər məhkumlarla aparılan söhbət zamanı onlar saxlanılma şəraitindən narazı olmadıqlarını bildirib, seçki ilə bağlı hər hansı təzyiqlərə məruz qalmadıqlarını söyləyib və müəssisə rəisinin şəraitin təkmilləşdirilməsi ilə bağlı apardığı işləri müsbət dəyərləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti