...

Azərbaycanda bu il korrupsiya cinayətlərinə qarşı aparılan mübarizəyə qiymət verilib (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2013 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/

2013-cü ilin 9 ayı ərzində "161 Qaynar xətti"nə 3915 müraciət daxil olub. İdarədə araşdırılmış 307 müraciətdən 21 müraciət üzrə cinayət işi başlanılıb, 1078 müraciət təmin edilib. Bu ilin 9 ayı ərzində idarənin Əməliyyat şöbəsi tərəfindən korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 23 cinayət işi başlanılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev idarədə vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş zamanı bildirib.

K.Əliyev bildirib ki, bu ilin ötən dövrü ərzində idarədə cinayət xarakterli material kimi baxılmış 232 müraciət üzrə 132 cinayət işi başlanılıb, o cümlədən cinayət işlərindən 47 cinayət işi ayrıca icraata ayrılıb.

Onun sözlərinə görə, 2013-cü ilin son doqquz ayı ərzində idarənin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlər üzrə ittiham hökmləri çıxarılıb, təqsirləndirilən şəxslərdən bəraət alanı olmamışdır. İstintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması təmin edilib.

İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib.

2013-cü ilin 9 ayı ərzində korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.

Qeyd edək ki, görüşdən öncə Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasına baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti