...

Sumqayıtda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açıldı

Cəmiyyət Materials 5 Oktyabr 2013 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Sumqayıt şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 25-də Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 12/21, mənzil 51-də üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər Polis İdarəsindən şəhər prokurorluğuna daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Həmin fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə daktiloskopik ekspertizaları təyin edilib.

Aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Siyəzən rayonunda anadan olmuş, 1968-ci il təvəllüdlü Nəcəfova Arzu Mehbalı qızı olduğu müəyyənləşdirilib.

Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Eldəniz Hacıyevin, sentyabrın 18-də Arzu Nəcəfova ilə sonuncunun Sumqayıt şəhərində yaşadığı mənzildə görüşərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı özündə olan bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti