Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Oktyabrın 14-də Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatında bayram tədbiri keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, burada dövlət himayəsində yaşayan ahıl və ağbirçək insanları bayram münasibətilə təbrik etmək üçün pansionata gələn əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov müəssisənin sakinləri ilə görüşərək onlara xoş arzularını ifadə edib.
Qurban bayramının Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından biri olmaqla xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirdiyini qeyd edən nazir bildirib ki, hələ 15 il bundan öncə, 1998-ci ilin 8 aprelində ümummilli liderimiz Heydər Əliyevin Qurban bayramı münasibətilə bu pansionata gəlməsi, burada dövlət himayəsində yaşayan ahıl insanlarla görüşməsi ulu öndərimizin müqəddəs bayramlarımıza, dini dəyərlərimizə xüsusi sayğı ilə yanaşmasının, eyni zamanda, ahıl insanlara hörmət və ehtiramının yüksək nümunəsi olub. O zaman ümummilli lider ağsaqqal, ağbirçək insanların daim dövlətin, Prezidentin qayğısı altında olacağını bəyan etmişdi.
Həqiqətən də ötüb keçən dövrdə bu sözlər öz təsdiqini tapıb, ahıl insanlara dövlətin qayğısı daim artıb. Bir qədər öncə, oktyabrın 1-i Beynəlxalq Ahıllar Günündə burada möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə pansionatın yeni 170 yerlik korpusunun istifadəyə verilməsi dövlət başçısının burada yaşayan ahıllara bayram münasibətilə çox dəyərli bir töhfəsi olub.
Qeyd olunub ki, cari il oktyabrın 9-da ölkəmizdə şəffaf və ədalətli şəkildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi əslində bütün xalqımızın, Vətəninin davamlı tərəqqisini arzulayan hər bir azərbaycanlının qələbəsidir. Bu o deməkdir ki, son on ildə ölkədə bütün sahələrdə əldə olunan tarixi nailiyyətlər kursu, respublikanın sürətli tərəqqi dinamikası, eyni zamanda, fəal sosial siyasət kursu bundan sonra da uğurla davam edəcək.
Tədbirdə ahıl insanlar ürək sözlərini ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza minnətdar olduqlarını bildiriblər.