...

Azərbaycanda saatların əqrəblərinin geri çəkilməsinin insan səhhətinə vurduğu zərəri necə azaltmaq olar?

Cəmiyyət Materials 21 Oktyabr 2013 17:01 (UTC +04:00)
Saatların əqrəbinin il ərzində bir dəfə geri və ya irəli çəkilməsinin insan səhhətinə vurduğu zərəri azaltmaq üçün müəyyən profilaktik tədbirlər görmək olar.
Azərbaycanda saatların əqrəblərinin geri çəkilməsinin insan səhhətinə vurduğu zərəri necə azaltmaq olar?

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Saatların əqrəbinin il ərzində bir dəfə geri və ya irəli çəkilməsinin insan səhhətinə vurduğu zərəri azaltmaq üçün müəyyən profilaktik tədbirlər görmək olar.

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Zəfər Əliyev Trend-ə bildirib ki, bu dəyişikliyə qarşı ən həssas qruplar məktəb yaşlı uşaqlar və yaşlı insanlardır.

Onun sözlərinə görə, saatların əqrəbinin il ərzində bir dəfə geri və ya irəli çəkilməsi insanların sağlamlığına, xüsusilə, sinir sisteminə çox pis təsir edir. Çünki insanın aylarla öyrəşdiyi rejim qəfildən dəyişir: "Günün çıxma və batma saatlarına uyğun olaraq, namaz vaxtları daim dəyişir. Ancaq burada bu proses tədricən baş verir. Saatlar irəli və geri çəkildikdə isə bu dəyişiklik kəskin baş verir. Buna görə də bir çox ölkələr bu rejimdən imtina ediblər".

Professor bildirib ki, saatların əqrəbinin il ərzində bir dəfə geri və ya irəli çəkilməsinin insan səhhətinə vurduğu zərəri azaltmaq üçün müəyyən profilaktik tədbirlər görmək olar. Bunun üçün insanlar saatların əqrəblərinin irəli və ya geri çəkildiyi tarixdən 1-2 həftə əvvəldən başlayaraq özlərinin yuxu rejimlərini tədricən dəyişməlidirlər. Bu müddətdə insanlar yatma və oyanma vaxtlarını hər gün ərzində 10-15 dəqiqə dəyişməlidirlər. Bu, sonda insanlarda narahatlıq hallarını azaldar:

"Hətta insanlar gündə 5 dəqiqə də olsa, öz rejimlərini dəyişsələr, bu, sonda onlar üçün yaxşı effekt verər. Bununla, insan öz orqanizmini daha tez yuxuya getməyə, daha tez yuxudan oyanmağa öyrəşdirir. İnsanlar bu tədbirlərdən istifadə etsələr, daha yaxşı olar".

Z.Əliyev deyib ki, insanlar səhhətlərində hər hansı problemin yaranmaması üçün açıq havada daha çox olmağa, vaxtlı-vaxtında qidalanmağa da çalışmalıdırlar.

Bu dəyişikliyin olmamasını daha yaxşı hal sayan alimin sözlərinə görə, əqrəblərin irəli və ya geri çəkilməsinin insan səhhətində yaratdığı fəsadlar müəyyən müddət müşahidə edilə bilər. Bu müddət insanın yaşından, onun xəstə olub-olmamasından, yaşadığı şəraitdən, hansı növ əmək fəaliyyəti ilə məşğul olmasından asılıdır. Ancaq insanlar, əsasən, ən azı bir həftə ərzində bu dəyişikliyin fəsadlarını səhhətlərində hiss edirlər.

Qeyd edək ki, oktyabrın 26-dan 27-nə keçən gecə Azərbaycanda "yay vaxtı" ləğv edilərək saatların əqrəbləri bir saat geri çəkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti