...

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2013 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Fonddan Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi Binəqədi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Mövzusu "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" adlanan müsabiqədə müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər.

Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir, informasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son 1 ildə, həftədə 1 dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır.

Yazılar son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Qəzetdə dərc olunmuş yazıda "Binəqədi rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 6 noyabr 2013-cü il tarixindən başlayır, 16 dekabr 2013-cü il tarixində başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Müsabiqədə I yer - 1 000 manat (1 nəfər - 1 000 manat, II yer - 800 manat (2 nəfər - 1 600 manat), III yeri tutmuş qaliblər isə isə 600 manat (3 nəfər - 1 800 manat) məbləğində mükafatlandırılacaq.

10 yazı müəllifinə həvəsləndirici mükafat veriləcəkdir (hər birinə 200 manat). Qaliblər, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti