...

"Azərbaycanda Olimpiya Hərəkatı" mövzusunda jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2013 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Milli Olimpiya Komitəsi və (MOK) Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Fondun icraçı direktoru Vüqar Səfərli, MOK-un I vitse-prezidenti Çingiz Hüseynzadə, vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, media qurumlarının baş redaktorları, tanınmış idmançılar, rəsmi şəxslər və jurnalistlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Ç.Hüseynzadə tədbir iştirakçılarını salamlayıb.

Sonra çıxış edən V.Səfərli konfransın gündəliyi barədə məlumat verib. Bu görüşü çoxdan planlaşdırdıqlarını bildirən V.Səfərli bu məqsədlə yazı müsabiqəsinin elan olunduğunu, müsabiqəyə 27 yazının daxil olduğunu qeyd edib. O, yazıları yoxlamaq üçün MOK tərəfindən ekspertlərin seçildiyini deyib.

Daha sonra "Milli Olimpiya Komitəsi ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövsusunda çıxışlar dinlənilib. Mətbuat Şurasının sədri Ə.Amaşov media ilə idmançıların əməkdaşlığının önəmliliyindən danışıb, Azərbaycanda idmanın inkişafından söz açıb.

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək idmançıların ölkəmiz üçün millət vəkilləri və siyasətçilər qədər önəmli olduqlarını və Azərbaycanın dünyada tanınması üçün onların çox böyük işlər gördüklərini bildirib. O, medianın idmançıların həyatını daha çox işıqlandırmalı olduğunu, onların nümunəvi həyatının cəmiyyətimizin gənc nəsli üçün örnək olduğunu bildirib. B.Quliyev idman federasiyalarının mətbuat xidməti işçilərinin peşəkar olmağının vacibliyini önə çəkib və federasiyalar və idmançılarla daha yaxından əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Çıxışlardan sonra Milli Olimpiya Komitəsi və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər" mövzusunda birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi başlayıb.

Müsabiqənin ekspertlərindən olan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digərləri yazılar barədə danışıb, onları dəyərləndiriblər. Sonda qaliblər mükafatlandırılıblar. Birinci yerə "Mövqe" qəzetinin müxbiri Mübariz Bayramov, ikinci yerə "İdmançı" qəzetinin baş redaktoru Dilqəm Quliyev, üçüncü yerə isə "Olimpiya dünyası" qəzetinin əməkdaşı Anar Əhmədov layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti